Əsgər anasının iradlarına Müdafiə Nazirliyi cavab verdi
22 Dekabr 2012 Şənbə 12:19
MN: Əsgərin sağlamlığının hərbi hissə həkimləri tərəfindən nəzarətə götürülməsi barədə göstəriş verilib.
N saylı hərbi hissənin əsgəri Rəşad İsgəndərovun anası Nənəxanım Nəsibova bir sıra dövlət qurumlarına, o cümlədən KIV-ə müraciət edərək iddia edir ki, oğlu aktiv vərəm xəstəsi olduğu halda həqiqi hərbi xidmətə aparılıb. İndi də onun ordudan təxris olunmasına icazə verilmir. Bunanla bağlı Müdafiə Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda deyilir:
Əsgər Rəşad İsgəndərov 2012-ci ilin yanvar ayında Ağstafa rayon hərbi komissarlığından hərbi xidmətə çağırılarkən valideynin şikayətinə əsasən rayon hərbi komissarlığı tərəfindən müayinə üçün 2011-ci ilin dekabr ayında Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna göndərilib. O, həqiqətən bir neçə il əvvəl vərəm xəstəsi kimi müalicə olunub və sağaldıqdan sonra hərbi xidmətə yararlılığı barədə tibbi rəy çıxarılıb. Bundan sonra Rəşad İsgəndərov hərbi xidmətə göndərilib. Anası Nənəxanım Nəsibovanın müxtəlif dövlət orqanlarına çoxsaylı şikayət məktubları ilə əlaqədar, yenə də stasionar şəraitdə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə olunaraq xidmətə yararlılığı aşkar edilib.
Lakin bununla razılaşmayan əsgərin anası şikayətlərini davam etdirir və 29 noyabr 2012-ci ildə təkrar Müdafiə Nazirliyinin ağ ciyər xəstəlikləri hospitalında, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssislər ilə birlikdə müayinə olunub, nəticədə təyin edilmiş diaqnoz təsdiq edilərək, onun hərbi xidmətə yararlı olduğu bir daha müəyyənləşdirilib.
Valideynin narahatlığını nəzərə alaraq, əsgərin sağlamlığının hərbi hissə həkimləri tərəfindən nəzarətə götürülməsi barədə göstəriş verilib.
Beləliklə, vətəndaş Nənəxanım Nəsibova övladının əsassız olaraq hərbi xidmətdən tərxis edilməsini tələb edir və ardı-arası kəsilməyən şikayətləri ilə buna nail olmağa çalışır.
Sual olunur: əgər əsgər həqiqətən yolxucu xəstəliyin daşıyıcısıdırsa, onun orduda saxlanılmasına Müdafiə Nazirliyi nədən maraqlı olmalıdır?! Hörmətli ananın bu sualımıza cavabı üzərində mətbuat orqanlarının düşünməsini xahiş edərdik.
DOSTLARINLA PAYLAŞ: