Ermənistanla dostluğa etiraz edən din xadimi həbs olundu
19 Sentyabr 2013 Cümə Axşamı 18:49
Höccətülislam Əbdüləziz Əzimi Qədim İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edirdi.
İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadimi həbs edilib. ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, Höccətülislam Əbdüləziz Əzimi Qədim sentyabrın 18-də həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb.

Qeyd edək ki, Ə.Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O, daha sonra, yəni 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb.

Ə.Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə.Qədim vəkillə təmin edilməyib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib.

Ə.Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar