Ərəblər Xırdalanda su xəttinin çəkilməsinə pul ayıracaq
20 Fevral 2013 Çərşənbə 17:54
Səudiyyə İnkişaf Fondu Azərbaycan hökumətinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq.
“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə Kredit Sazişi” layihəsinə dair Səudiyyə İnkişaf Fondu ilə danışıqlar aparılması məqsədi ilə 11-15 fevral tarixlərində “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində işgüzar səfərdə olub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Nazirlər Kabineti, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin də daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində Səudiyyə İnkişaf Fondunun Asiya regionu üzrə texniki direktoru Eng Mohammad Al-Alarifi və baş mühəndisi Mohammad Al-Draibi ilə görüşüb.

Keçirilən görüşlərdə layihənin maliyyələşmə məsələləri barədə danışıqlar aparılıb, Kredit Sazişi layihəsinə dair rəy və təkliflər müzakirə edilib. Tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən sonra Səudiyyə İnkişaf Fondu tərəfindən Kredit Sazişinin yekun variantı hazırlanıb. Danışıqların yekununda Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə Kredit Sazişi” layihəsi üzrə danışıqlara dair Protokol imzalanıb. Kredit sazişinə əsasən bu layihənin maliyyələşdirilməsi üçün Səudiyyə İnkişaf Fondu Azərbaycan hökumətinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq.

İcrasına cari ilin ikinci yarısında başlanacaq layihəyə əsasən Abşeron rayonu Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Xırdalan şəhərinə içməli su Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Buradan götürülən su hər birinin tutumu 20 min kubmetr olan 3 yeni anbara – “+82 Masazır”, “+120 Masazır” və “+118Abşeron” su anbarlarına ötürüləcək və anbarlardan magistral xətlər vasitəsilə şəhər şəbəkəsinə özüaxımlı rejimdə veriləcək.

Layihə çərçivəsində Xırdalan şəhərində ümumi uzunluğu 159 km olan su şəbəkəsi yaradılacaq. Şəhərin kanalizasiya şəbəkəsinin tikintisinə isə yeni kanalizasiya kollektoru istismara veriləndən sonra başlanacaq.

Qeyd edək ki, hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürülür. Gələcəkdə Xırdalan şəhərində toplanan çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikilməsinə başlanıb.

Tikinti işlərinin 2014-cü ilin sonunda başa çatacağı nəzərdə tutulur. Laayihənin icrası tam başa çatdıqdan sonra Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar