Əli Həsənov: İndi Azərbaycanın hər bir şeyə imkanı var
18 İyul 2012 Çərşənbə 13:03
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hər bir jurnalistin dövlətinə təəssübkeşliklə yanaşmalı olduğunu deyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Media forum” saytına müsahibəsi.
- Redaktorlar qəzet yayımı sahəsində ciddi problemlər olduğunu deyirlər. Mətbuat Şurasında redaktorlarla və yayım firmalarının rəhbərləri ilə görüşdünüz. Hökumət görüşdə qaldırılan problemlərin həlli üçün hansısa addımlar atıbmı?
- Qəzet satışı bir kommersiya fəaliyyətidir. Hökumət qəzet satışından çoxdan imtina edib, “Azərmətbuatyayımı”, mətbuat yayımı ilə məşğul olan digər dövlət strukturları hamısı artıq özəlləşdirilib, kommersiya strukturudur, özəl əllərdədir. Hər bir firma daha çox qəzet satmaq, oradan faiz götürmək, daha çox gəlir əldə etmək istəyir. Redaktorlar isə istəyirlər ki, qəzetləri daha çox satılsın və buna uyğun da qazanc götürsünlər. Burada müvafiq olaraq qəzet satanlarla qəzeti satılanlar arasında bir kommersiya əlaqəsi var. Dövlət bu prosesdə yalnız dolayısı ilə iştirak edir. Dolayısı ilə iştirak nədir? Dövlət orqanlarının özləri də qəzet alıcısıdır. Eyni zamanda bəziləri özlərinin mətbu orqanını təsis ediblər, yəni həm də qəzet satıcısıdırlar. Həm məmurları vasitəsilə qəzet alıcısı, həm də bəzi qurumları vasitəsilə qəzet satıcısı olduğuna görə dövlət bu prosesdə dolayısı ilə iştirak edir.
Redaktorlarla görüşdə üç məsələ qaldırıldı. Birincisi, qəzetlərin maddi-texniki bazası və iqtisadi durumu haqda oldu. Dünya ölkələrində mətbuat orqanları daha çox reklamdan gəlir götürür, satışdan gələn gəlir onların ümumi dövriyyəsinin heç on faizini də təşkil etmir. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Satışdan olan qazanc qəzetlərin ümumi dövriyyəsinin doxsan faizini təşkil edir. On faiz isə reklam, elan və digər fəaliyyətlərinin payına düşür. Ona görə də diqqət daha çox satışın üzərinə yönəlib. Lakin belə olmamalıdır. Elə etmək lazımdır ki, gələcəkdə reklam bazarına yazılı media da daxil olsun, mütləq şəkildə onlar da reklam alsınlar. Açığını deyim ki, bu gün elektron KİV-lərin reklam vəziyyəti daha yaxşıdır, televiziyalar, internet saytları daha çox reklam əldə edə bilirlər. Ona görə də redaktorlarla görüşdə qaldırılan birinci məsələ bu idi. Yəni necə edək ki, qəzetlərə də reklam verilsin.
Gündəmə gətirilən ikinci məsələ yayımla, satışla bağlı oldu. Bu da təbiidir. Çünki qəzetlərin gəlirinin böyük bir hissəsi satışdan gələn qazanc hesabına formalaşır. Bundan başqa, dövlət, sosial və kommersiya reklamlarının bölüşdürülməsi məsələsini müzakirə etdik. Qaldırılan bütün məsələlər haqda dövlətin izahatları var. Vəziyyət pisdirsə, durumu yaxşılaşdırmaq olarsa, niyə bu baş vermir, bu gün yaxşı deyilsə, onun da izahatları var. Amma bir məsələni qeyd edim ki, bu, formal görüş deyildi, görüş keçirmək xətrinə təşkil olunmamışdı. Görüşün məqsədi vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək mümkündürsə onu müzakirəyə çıxarmaq, reallaşdırmaq barədə fikir mübadiləsi aparmaq idi. Dövlət mətbuatın inkişafı ilə bağlı xüsusi konsepsiya qəbul edib, xüsusi fond yaradıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərə pis-yaxşı müəyyən yardım göstərir. Görüşdə yardımın miqdarının artırılması haqda təklif verildi. Əlbəttə, bunu etmək mümkündür, çünki indi Azərbaycanın hər bir şeyə imkanı var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi istisna olunmaqla qalan bütün məsələləri həll etmək gücünə malikik. Dağlıq Qarabağ da ona görə istisna təşkil edir ki, bu gün problemin həlli daha çox bizim iradəmizdən asılı deyil. Bu gün Azərbaycan qarşısında, demək olar ki, həllolunmaz məsələ yoxdur. Ona görə mətbuata yardımı da artıra bilərik.
Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi məsələsi də qaldırıldı. Bundan başqa Azərbaycanda bu qədər mətbuat orqanının mövcudluğuna ehtiyac olmadığı, bəlkə qəzetləri hansısa formada təmərküzləşdirmək, bunun yolları barədə fikirlər səsləndirildi, məsələlər qaldırıldı. Bizim vəzifəmiz də qaldırılan məsələləri təhlil etmək, onların ictimai əhəmiyyətlilik dərəcəsini müəyyənləşdirmək və həlli üçün dövlətin, hökumətin imkanlarından, müvafiq mexanizmlərindən istifadə etməkdir.
- Bəzi redaktorlar isə hesab edirlər ki, mətbuatın problemlərinin, o cümlədən reklam məsələsinin həlli üçün siyasi qərara ehtiyac var. Çünki dövlət orqanları reklamları daha çox oxunan müstəqil və müxalif qəzetlərə vermirlər. Məsələlərin həlli üçün siyasi qərara ehtiyacın olması haqda deyilənlərlə razısınızmı?
- Redaktorlarla görüşdə bu fikrə münasibət bildirdim və bununla razılaşmadığımı dedim. Əvvəla, dövlət orqanları reklamla məşğul olmur. Heç bir dövlət orqanı bu gün mətbuata reklam, elan vermir. Əgər dövlət strukturları reklam versəydi və qəzetlər arasında ayrı-seçkilik salsaydı, onda nədənsə şikayət etmək üçün əsas olardı. Belə bir hal olmadığına görə şikayət üçün də əsas yoxdur. Yalnız “Tender haqqında” qanunda bir müddəa var. Həmin müddəaya görə, dövlət tenderlərinin elanları, məlumatları rəsmi dövlət qəzetlərində dərc olunmalıdır. Görüş zamanı redaktorlar qanunun bu maddəsinə etirazlarını bildirdilər, dövlət elanlarının, o cümlədən tender elanlarının yalnız dövlət qəzetlərində deyil, özəl qəzetlərdə də dərc olunması üçün həmin müddəanın qanundan çıxarılması təklifini irəli sürdülər. Mən bu fikirlə tam razıyam. Hesab edirəm ki, bu qanunvericilik təşəbbüsü qarşıdakı dövrlərdə qaldırılacaq, biz bunun üzərində işləyəcəyik.
Dövlət reklamlarına gəlincə, bu məsələ də müzakirə olundu. Redaktorlar dedilər ki, dövlətin reklamı niyə yoxdur? Həqiqətən də dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə, Rusiyada, Avropanın əksər dövlətlərində sosial reklamlara dövlət büdcəsindən ayrıca maddə ilə vəsait ayrılır. Azərbaycanda bu yoxdur. Amma nazirliklərin, komitələrin, icra strukturlarının fəaliyyətinin hansısa şəkildə işıqlandırılması, marketinqi ilə bağlı onların büdcəsində az da olsa vəsait nəzərdə tutulur, müəyyən miqdar ayrılır. Görüşdə təklif irəli sürüldü ki, gələcəkdə dövlət başçısının təşəbbüsü, sərəncamı ilə dövlət idarə və müəssisələrinə büdcələrinin bir faizi miqdarında reklam öhdəliyi qoyulsun. Onlar büdcələrinin bir faizini əhali ilə təmasa, informasiyalarını yaymağa, fəaliyyətlərini reklam etməyə, müzakirələr aparmağa, təqdimatlar keçirməyə xərcləsinlər. Yəni bunun üçün pul ayırsınlar. Belə bir məsələ qaldırılıb, təklif irəli sürülüb. Əgər təklif irəli sürülübsə, deməli, onu müzakirə etmək mümkündür. Biz irəli sürülən hər bir təklifi müzakirə edəcəyik. Onların həyata keçirilməsinin mümkün olub-olmadığı müzakirələrin nəticəsində məlum olacaq.
- Mətbuat yayımı ilə məşğul olan “Qasid” firması var. Bakı Şəhər İcra Hakimiyyəti firmanın paytaxtın mərkəzi hissələrində olan köşklərini götürüb. “Qasid”in köşklərinin götürülməsini qəzet yayımı və satışına maneə sayırsınızmı? Bakı Şəhər İcra Hakimiyyəti yığışdırdığı köşklərin yerinə eyni sayda yenisini qoyurmu? Bu məsələni paytaxt meriyasının rəhbərliyi ilə müzakirə etmisinizmi?
- Biz Bakı Şəhər İcra Hakimiyyəti ilə bu məsələni araşdırdıq, hörmətli Hacıbala müəllimlə bunu müzakirə etdik. Əlbəttə, Bakı şəhərində qoyulan yeni köşklər gələcəkdə “Qasid”in köşklərinin alternatividir. Çünki bunlar yeni köşklərdir, daha imkanlıdır, gözəldir. Amma Bakı şəhərində “Qasid”in hər hansı köşkü götürülməyib. Sadəcə olaraq müəyyən qədər yeri dəyişdirilib, ola bilər ki, bir neçə metr kənara çəkilib. Belə hallar var. Amma “Qasid”in köşkləri qalır. Yeni köşklər “Qasid”in köşkləri ilə bərabər fəaliyyət göstərir.
Redaktorlarla görüşdə belə fikirlər səsləndirildi ki, yeni köşklərdə başqa şeylər də satıldığına görə guya qəzet satışına daha az əhəmiyyət verilir. Məgər “Qasid”in köşklərində tək qəzet satılırdı? Orada da hər şey satılırdı. Görünür, insanların yeni köşklərdən qəzet almaq vərdişini yavaş-yavaş artırmaq lazımdır. Redaktorlarla görüşdən sonra belə bir qərara gəlmişik ki, paytaxtda yeni köşkləri idarə edən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəhbərliyi ilə qəzet redaktorlarının, yayım firmaları nümayəndələrinin görüşünü təşkil edək. Orada yayımın şərtləri, dinamikləşdirilməsi, bununla bağlı hansısa problemlər varsa, onların aradan qaldırılması və digər məsələlərə baxılsın. Yalnız bu deyil. Redaktorlarla görüşdə Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə qəzet köşklərinin yığışdırılmasından ciddi şikayət olundu. Bu məsələlər də yerli icra hakimiyyətlərinin rəhbərləri ilə müzakirə olunur. Gələcəkdə də belə müzakirələr olacaq. Biz qəzet köşklərinin və mətbuat yayımının bundan sonra da maneəsiz formada, amma şəhərin gözəlliyinə xələl gətirmədən, infrastrukturunu pozmadan fəaliyyət göstərməsinin tərəfdarıyıq və bunu təmin edəcəyik.
- Mətbuat Şurası təklifləri ümumiləşdirib Prezident Administrasiyasına göndərəcəyini açıqlamışdı. Administrasiyaya belə bir sənəd daxil olubmu?
- Mətbuat Şurası təkliflərini göndərib. Biz də həmin təklifləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə müvafiq olaraq bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanladıq. Hazırda onların rəyini gözləyirik. Təkliflərin hansını reallaşdırmaq olar, kimin vasitəsilə, yaxud həyata keçirmək olmazsa nəyə görə - bütün bu məsələlər araşdırılır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəylərini aldıqdan sonra bu haqda açıqlamalar verəcəyik.
- Əli müəllim, siyasi hakimiyyətin mətbuatdan əsas narazılığı nədir? Nədənsə mətbuatdan danışılanda daha çox qəzetlər nəzərdə tutulur. Hakimiyyət televiziyalardakı durumu necə qiymətləndirir?
- Biz Azərbaycanda heç nədən, o cümlədən öz fəaliyyətimizdən də axıradək razı deyilik. Həmişə deyirik ki, bizim də həll edə bilmədiyimiz məsələlər var. İctimaiyyətin də bizdən gözləntiləri mövcuddur. Televiziyalar, digər mətbuat orqanları da nə qədər yaxşı işləsələr də, bizim onlardan umacaqlarımız, gözləntilərimiz var. Eyni zamanda cəmiyyətin, ictimaiyyətin gözləntiləri var.
Söhbət yazılı mediadan gedirsə, bizi ilk növbədə daha çox narahat edən mətbuat orqanlarında qeyri-peşəkarların sayının hələ də üstünlük təşkil etməsidir. Jurnalist peşəsinə yiyələnən, sözün həqiqi mənasında peşəkar jurnalist kimi fəaliyyət göstərmək imkanı, intellekti, hazırlığı, təcrübəsi olan insanlar yazılı media orqanlarında digərləri ilə müqayisədə hələ də azlıq təşkil edir. Biz gözləyirik ki, həm redaktorlarımız, həm də Mətbuat Şurası jurnalistlərimizin daha peşəkarlaşmasına xidmət göstərən addımlar atacaq. Ehtiyac olsa, KİV-in İnkişafına Dövlət Dəstəyi Şurası və dövlət də bu işə qoşula bilər. Bu işi tezliklə başa çatdırmalıyıq.
İkincisi, təəssüflər olsun ki, mətbuatımızda hələ də vətənpərvərlik hissini unudan, hansı milləti, dövləti təmsil etdiyini unudan insanlar mövcuddur. Onlar bəzən peşəkar jurnalist fəaliyyətini icra edərkən dövlətin, millətin maraqlarını nəzərə almırlar, dövlətin, millətin maraqlarının təmin olunmasından vaz keçirlər, daha çox informasiya ehtiyacını əsas götürürlər, yaxud da oxucu qazanmaq, qəzetini daha çox satdırmaq üçün sensasion materiallar arxasınca qaçırlar. Bəzən belə hallarla da qarşılaşırıq və bu da təəssüf doğurur. Belə bir vəziyyət cəmiyyətlə, xalqla, dövlətlə, hakimiyyət orqanları və ziyalılarla mətbuat arasında qarşıdırmaya gətirib çıxarır. Hər bir jurnalist bu peşənin daşıyıcısı olmamışdan əvvəl bir xalqın, millətin təmsilçisidir. Sözün həqiqi mənasında bu nəzərə alınmalı, hər bir jurnalistin milli məni, milli mənsubiyyət hissi olmalıdır, dövlətinə, xalqına təəssübkeşliklə yanaşmalıdır. Bunlarsız mümkün deyil.
Digər tərəfdən isə mətbuat orqanlarının çoxluğu peşəkarlaşmaya mənfi təsir göstərir. Mətbuat orqanlarının çoxluğu onların reketçiliyə yuvarlanmasına, qeyri-qanuni yollarla özlərini saxlamaq istiqamətində hərəkətlərinə rəvac verir. Bunlar da arzuolunan məsələ deyil.
Televiziyalarda bu proseslər bir qədər azdır. Amma televiziyalarımızın da peşəkarlaşması, tam şəkildə peşəkar kadrlarla təmin olunması üçün hələ çox çalışmaq lazımdır. Xüsusən də müasir dövrdə televiziya sahəsi transmilli fəaliyyətə çevrilib. Belə bir dövrdə informasiyanın təminatı, ötürülməsi, yayılması, operativliyin qorunması, peşəkarlığın saxlanması, milli dilin qorunması, adət-ənənələrə hörmətlə yanaşılması, musiqi və digər sahələrin televiziyalara kommersiya yolu ilə ayaq açdığını nəzərə alaraq milli dəyərlərin və kommersiya əhəmiyyəti az, amma milli əhəmiyyəti çox olan sahələrin inkişafının unudulmaması və digər çoxlu sayda məsələlər var ki, biz bunları televiziyalardan gözləyirik. Xüsusən də sosial müdafiəyə ehtiyacı olan kateqoriyaların, bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial sahənin problemlərinin qaldırılması, uşaqlar, qadınlar, əlillər, təqaüdçülər və sair kateqoriyadan olan insanların informasiya ehtiyacının ödənilməsi sahəsində televiziyalarımız hələ çox çalışmalıdır.
- Qarşıdan Azərbaycan Jurnalistikası Günü gəlir. Dövlətin bununla bağlı hansısa planları varmı? Bu il də jurnalistlərin təltif olunması gözlənilirmi?
- Tədbirlərə artıq start verilib. Bayramın qeyd olunmasına Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirləri ilə başladıq. Eyni zamanda Gəncədə yeni Mətbuat Evinin təməli qoyuldu. Bundan əlavə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ayın 22-də mətbuat gününün qeyd olunması üçün tədbir keçirəcək. Orada da müəyyən addımlar atılacaq.
Ölkə rəhbərinin jurnalistləri təltif etməsinə gəlincə, əgər olsa bunu hamımız görəcəyik. Mən bununla bağlı əvvəldən proqnoz verə bilmərəm. İndiyədək belə təltiflər olub, xeyli fərman, sərəncam imzalanıb. Hazırda jurnalistlər üçün ev inşa olunur. Yəqin ki, gələn il bu mənzillərin qapıları öz sahiblərinin üzünə açılacaq. Digər işlər də həyata keçirilir. Nə olacaq, bu günlərdə hamısının şahidi olacaqsınız.
DOSTLARINLA PAYLAŞ: