Magistral yolda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yol bu gün istifadəyə verilə bilər.
Azərbaycanda ölkə əhəmiyyətli magistralda yolun salınması üzrə aparılan işlərin bu gün günortadan sonra yekunlaşacağı gözlənilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yol bu gün istifadəyə verilə bilər.
“Çalışacayıq ki, bu gün günortadan sonra ikinci alternativ yol da açılsın və orada avtomobillərin hərəkəti təmin olunsun. Hazırda birinci alternativ yol ilə avtomobillər normal hərəkət edə bilir. Körpünün aşırım tirlərinin hamısı sökülüb, bütün kommunikasiya xətləri köçürülərək bərpa olunub, körpünün ətrafı təmizlənib, hazırda qazma işləri gedir, aşırım tirləri də hazırlanır. Yaxın 15-20 gün ərzində o körpünün də bərpasını tam başa çatdıraq", - P.Mürsəliyev bildirib.
Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.
Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.