Dörd yaşından Çingiz xanı örnək sayan qəhrəman
29 Avqust 2013 Cümə Axşamı 10:48
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi jurnalist Çingiz Mustafayevin anadan olmasından 53 il keçir.
Çingiz Mustafayevi ilk dəfə 1980-ci illərdə görmüşdüm, İnşaat Mühəndisləri İnstitutunun sanatoriyasının baş həkimi idi. Sinif yoldaşım Azim “İnşaat”da oxuyurdu və ilk dəfə o tanıtmışdı: “Bu, Çingizdir, çox xarizmatik və istedadlı adamdır, tələbələrin hamısı ona bənzəmək istəyir, yataqxanadakı bütün gənclər onu lider sayırlar”.

Doğrudan da həsəd aparılacaq dərəcədə xarizmatik idi. O gün hansısa tədbirə hazırlaşırdı və rəsmi geyinmişdi, uca boylu və tamamilə milli cizgilərə malik bir Azərbaycan gənci idi. Sonradan Azərbaycan Televiziyasında yayılan “Ekspromt” verilişində, tədbirlərdə onun daha yeni-yeni keyfiyyətlərinin şahidi oldum. Yaxın dostu, İnşaat Mühəndisləri İnstitutunun müəllimi Rasim Müzəffərli ilə “Ozan” ansabmlında musiqilər yaradırdı, Türk Dünyasının “Dünənki keçdi” adlı ilk rep parçasını ifa etmişdi. Bakı Disko Mərkəzində Azərbaycan dilində diskoteka aparıcılığının, yəni diceyliyin əsasını qoymuşdu, şeirlər yazırdı. Və Çingizin bütün bu yaradıcılığının ana xəttində bir amal dayanırdı - azərbaycançılıq. Çingiz və dostları özləri də bilmədən hansısa şüuraltı bir təlqinlə Azərbaycanın tələbə gəncliyini istiqlal davasına hazırlayırdılar.

Ümumiyyətlə, bu ilahi təlqinə qulaq asmaq, şüuraltı bir fəhmlə ən doğru yolu seçmək bacarığı Çingizin həyatının sonrakı illərində, xüsusilə də 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi milli məfkurəmizi təlatümə salanda özünü daha qabarıq göstərdi. Həmin vaxt ölkədə düşərgələnmə yaranmışdı və hərə bir tərəfə çəkirdi. Qarabağda erməni terrorçularının təzyiqi altında vəziyyəti gündən-günə pisləşən soydaşlarmızın taleyi isə heç kimin vecinə deyildi. Və onda Çingiz ayağa qalxdı və dedi: “Mən öz kameramı götürüb Qarabağa gedirəm və hər kəsə də bütün çəkişmələri kənara qoyaraq mənimlə getməyə dəvət edirəm, Vətən torpağı əldən gedir”. Onun bu addımı bir növ hun xaqanı Metenin məşhur kəlamını xatırladırdı: “Vətən torpağı ilə alver olmaz”.

Çəkilişləri göstərir ki, Çingiz Qarabağda sadəcə jurnalist, reportyor kimi davranmayıb. O, bütün müxbir soyuqqanlığını kənara ataraq əsgərləri döyüşə səsləyirdi, Xocalı faciəsi ilə üzləşəndə göz yaşlarını saxlaya bilmirdi. Axı Vətən övladı başqa cür davrana bilməzdi.

Tanrı onu böyük işlər üçün yaratmışdı və o, hələ körpə yaşlarından öz təyinatını dərk edirmiş. Qonşularının dediyinə görə, Çingizin dörd yaşı olanda qonşularında yaşayan bir rus qadın bir gün ondan soruşur ki, adının haradan gəldiyini bilirmi. O isə deyib: “Hə, bilirəm. Çingiz xan qəhrəman olub. Mən də böyüyəndə qəhrəman olacam”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar