Bu gün Əməkdar ANS-çi Mais Məmmədovun 74 yaşı tamam olur
12 İyul 2012 Cümə Axşamı 06:41
Mais Məmmədov bu yaşında da gərgin iş qrafiki ilə fəaliyyət göstərir.
Bu gün Azərbaycanın Əməkdar jurnalisti, ANS Televiziyasının fəxri sədri, Media və İctimai Əlaqələr üzrə baş müşaviri Mais Məmmədovun 74 yaşı tamam olur. Tanınmış jurnalist 1938-ci ildə Bakıda anadan olub.
Çoxumuz onu "Ostankino" telekanalının "Vremya" informasiya proqramının Azərbaycan üzrə xüsusi müxbiri kimi tanımışıq. Mais Məmmədov xüsusilə müstəqilliyin ilk illərində informasiya blokadasında olan Azərbaycanın haqq səsini, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri "Vremya" kanalı vasitəsilə dünyaya çatdırıb. Onun reportajları çox vaxt müəyyən təzyiqlər altında yenidən montaj edilsə də Mais Məmmədov çəkdiyi süjetlərlə erməni təbliğatına qarşı mübarizə aparmaqdan çəkinməyib. Çingiz Mustafayevlə ermənilərin törətdikləri Xocalı vəhşiliyini çəkməyə gedənlərdən biri də o idi. Xocalı soyqırımının canlı şahidlərindən biri də məhz odur.
Mais Məmmədov 2007-ci ildən ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri, eyni zamanda ANS Televiziyasının Fəxri Sədridir. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə işləyib.
Bu gün o, geniş təcrübəsini həm də ANS PRESS portalı ilə bölüşür. Əməkdar jurnalist heç nəyə baxmayarq hər gün səhər tezdən işdədir. Bir peşəkar və məşhur jurnalist kimi onun məsləhətləri bizim üçün çox önəmlidir.
Kollektivimiz adından Mais Məmmədova həmişə belə şux olmağı arzulayırıq. Çox yaşa Mais müəllim!
DOSTLARINLA PAYLAŞ: