Boksçumuz erməninin çənəsini yerindən oynatdı
14 Avqust 2013 Çərşənbə 05:51
İdmançımız Belarusu təmsil edən erməni üzərində inamlı qələbə qazandı.
Hollandiyanın Rotterdam şəhərində gənclər arasında boks üzrə Avropa birinciliyinə start verilib. Yarışda 38 ölkənin 249 idmançısı mübarizə aparır. Millimiz baş məşqçi Şamil Əlimcanovun rəhbərliyi altında turnirdə tam heyətlə çıxış edir.
Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışın ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı qələbə qazanıb. 56 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov İsveçrə nümayəndəsi Əhməd Altintası məğlub edib. Məmmədov 1/8 finalda Çexiyanı təmsil edən Erik Aqatelyanla üz-üzə gələcək.
Valeh Ramazanov da (60 kq) Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz belaruslu Miko Xaçatryan üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü 1/8 finalda Bosniya və Hersoqovina idmançısı Adem Fetahoviçlə qarşılaşacaq.
Yığmamızın liderlərindən olan Rahil Məmmədli də (81 kq) ilk görüşdə qələbə qazanıb. Məmmədli Gürcüstan təmsilçisi Georgi Georqadzedən üstün olub. Təmsilçimiz 1/8 finalda türkiyəli Rəsul Kuçukla döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyində Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edir.
Bu gün daha 4 boksçumuz rinqə çıxacaq.
91+kq. Məhəmmədəli Tahirov – Aurelian Turkanu (Rumıniya)
69 kq. Hidayət Musayev – Konstantin Xustani (Gürcüstan)
49 kq. Münasib Məmmədov – Anton Naxnakoy (Belarus)
75 kq. Nəbi Bağırov – Mike Steffensen (Danimarka)
DOSTLARINLA PAYLAŞ: