Bayram günlərində gücləndirilmiş iş rejimi
19 Mart 2013 Çərşənbə Axşamı 09:00
Paytaxt sakinləri Novruzda qaz, su və işıq sarıdan korluq çəkməyəcək.
Bayram günlərində paytaxt sakinlərinin qaz, su və işıq sarıdan heç bir korluq çəkməməsi üçün bu sahələrə cavabdeh olan qurumlar bütün zəruri tədbirlərini görüb. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Araz Ağayev deyir ki, qurum bu gündən etibarən gücləndirilmiş iş rejimində işləyir: “Tək paytaxtda deyil, respublikanın bütün bölgələrində əməkdaşlarımız növbəli şəkildə iş rejimində çalışacaqlar. Həmçinin, qaynar xəttimiz də 24 saat problemləri qeyd etmək üçün açıq olacaq”.

Bayram günlərində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı üçün Bakı Elektrik Şəbəkə ASC-nin işçi qrupu da artıq fəaliyyətə başlayıb. Eyni zamanda, idarədə rəhbər şəxslərdən ibarət növbətçilik cədvəli yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti öz növbəsində abonentlərin içməli su ilə təminatına ciddi nəzarət edəcək. Ən əsası, borclu abonentlərin suyu kəsilməyəcək.

Qeyd edək ki, Baş Dövlət Yol Polis İdarəsi və Təcili Təxirəsalinmaz Tibbi Yardim Stansiyası da bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar