Bakıda yeni hava limanı tikiləcək
16 İyul 2013 Çərşənbə Axşamı 10:46
Yeni aeroportun Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulur.
"Böyük Bakının Regional İnkişafı Planı" layihəsi paytaxtın yaxınlığında yeni hava limanının tikintisini nəzərdə tutur.
Hazırda layihə müvafiq dövlət orqanları ilə müzakirə olunur. 2030-cu ilə qədər dövrü əhatə edəcək son variant yaxın bir neçə ay ərzində təsdiq ediləcək. Layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı Trend-ə açıqlamasında bildirib ki, yeni aeroportun Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulur.
Eldarlı bildirib: "Gələcəkdə Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir. Hazırda bu ərazidə beynəlxalq ticarət limanı tikilir, gələcək illərdə isə Səngəçal qəsəbəsində neft emalı kompleksi tikiləcək və neft-kimya məhsulları istehsalı işə salınacaq. Region tikinti məhsulları istehsal edən müəssisələrin yaradılması, o cümlədən yeyinti və tekstil sənayesi, balıqçılıq və digər sahələr üçün böyük potensiala malikdir. Biz Ələti Bakının müasir, dinamik şəklidə inkişaf edən peyk şəhərinə çevirməyi təklif edirik".
Bundan əlavə, Ələt yaxınlığında "Khazar Islands" süni adalarının yaradılması üzrə planın reallaşdırılması, o cümlədən həmin adaların ərazilərində yaşayış və əyləncə komplekslərinin yaradılması bu regionda turizmin inkişafına təkan verəcək.
Eldarlının sözlərinə görə, beləliklə, bu zonanın inkişafı burada yeni beynəlxalq aeroportun tikintisi məsələsini aktual edir. Çünki hazırda fəaliyyətdə olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ondan 100 kilometr aralıda yerləşir ki, bu da kifayət qədər uzaqdır.
DOSTLARINLA PAYLAŞ: