Bakı Metropoliteninə məxsus vaqonlar Gürcüstana göndərildi
26 Fevral 2013 Çərşənbə Axşamı 20:32
Köhnə vaqonlar Tiflisdə modern hala salınacaq.
Ötən ilin sonlarında Bakı Metropoliteninin 1 qatar tərkibini formalaşdıran 5 vaqon modernləşdirmə məqsədilə Tbilisi elektrik qatarlarının təmiri zavoduna yola salınıb. Bakı Metropoliteninin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu günlərdə metropolitenin baş mühəndisi Fuad Tağızadə həm tanışlıq, həm də vaqonların təmirində işlərin gedişi ilə maraqlanmaq məqsədilə Gürcüstan paytaxtında olub.

Tbilisi elektrik vaqonların təmiri zavodunda təmirin tam sürətlə aparıldığını deyən baş mühəndisin sözlərinə görə, artıq aprel ayında bu proses tamamlanacaq və planauyğun surətdə, 25 il istismarda olan bu vaqonlar əsaslı təmirdən sonra görkəmini tam dəyişəcək.

Dizayn dəyişiklikləri, demək olar ki, tam yeni vaqon təəssüratı yaradacaq. Müqaviləyə uyğun olaraq, təmirçilər kuzovu qumvuran aparatla tam təmizləyirlər.

Vaqonların alt sahəsi, elektrik, mexaniki və pnevmatik hissələri, arabacığı tam defektoskopiya və digər müayinələrdən keçirilərək təftiş olunur. Tələblərə və normalara uyğun bütün dəyişikliklər edildikdən sonra vaqon rənglənərək təzədən yığılacaq. Bütün avadanlıqlar, mexanizmlər və maşın cihazları da təftiş olunacaq, yenilənəcək. Elektrik sistemi də büsbütün dəyişəcək, naqillər və kabellər yenidən çəkiləcək.

Təmirçilər vaqonlarda bir sıra müasir avadanlıq və cihazları quraşdırırlar. Vaqonun iç və çöl hissəsində də təmir işləri müasir standartlara uyğunlaşdırılacaq. Akkumulyatorlar Almaniya istehsalı olan daha müasir alternativləri ilə əvəzlənəcək. Onlar köhnələrdən fərqli, quru və az həcmli, lakin daha məhsuldardır.

Vaqonlar əsaslı dizayn dəyişikliyinə də uğrayacaq. Xüsusən ön tərəfin dizaynı ilkin təəssüratları dəyişəcək. Maşinist kabinəsində də əsaslı yeniliklər olacaq. Onun idarəetmə pultu, işıqlanma sistemi tam müasir ekvivalenti ilə əvəzlənəcək. Maşinist üçün salon daha rahat olacaq.

Sərnişin salonu da döşəməsindən tavanına qədər görkəmini tam dəyişəcək. İlk öncə havalandırma sistemi şəbəkə örtüklə pərdələnəcək. Bu həm də onun tez çirklənməsinin qarşısını alacaq. İşıqlanma vaqonun salonunun dizaynını daha müsbət auraya kökləyəcək. Döşəmə və tavan da müasir və odadavamlı materiallarla təchiz olunacaq. Tutacaqlar pasdan təmizlənərək, yeni görkəm alacaq. Oturacaqlar, qapılar, bir sözlə, bütün detalların dəyişdirilməsi ilə yanaşı, onun yeniləşmiş dizaynı sərnişində də xoş təəssürat oyadacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar