Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsində təmir başlanıb
17 Avqust 2012 Cümə 11:27
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
«Azərbaycan Dəmir Yolları» QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bu gün Kürəkçay stansiyasında 1200 metr yol əsaslı təmir olunacaq və 4 ədəd yöldəyişən qurğu yenisi ilə əvəzlənəcək. Səhər saatlarında işə start verilib və işlər iki gün davam edəcək.
Qeyd edək ki, bu günə kimi 106 km yol əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
DOSTLARINLA PAYLAŞ: