Azərbaycanla BP şirkəti arasında narazılıq aradan qaldırılıb
19 Dekabr 2012 Çərşənbə 22:05
İlham Əliyev: BP-SOCAR münasibətlərində xoşagəlməz meyllərin qarşısı alındı.
Azərbaycanla BP şirkəti arasında narazılıq aradan qaldırılıb. Bu barədə məlumat verən prezident İlham Əliyev bundan sonra neft-qaz sektorunda hasilatın sabitləşəcəyini bildirib: “Çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti fikirlərimiz və iradlarımıza çox böyük məsuliyyətlə yanaşıb. BP şirkətinin icraçı direktoru mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı”.

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində ilin yekunlarına həsr olunan tədbirdəki çıxışında qeyd edib ki, BP-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alındı və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcək. “Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, iradlara çox böyük məsuliyyətlə yanaşıb. BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq doğrudan da güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”.

Prezident BP ilə bağlı iradlarından sonra bu istiqamətdə daxili və xarici qüvvələr tərəfindən verilən şərhlərə də toxunub. İlham Əliyev deyib ki, Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni çox qabarıq şəkildə büruzə verməyə çalışıb. “Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı ciddi problem var. Sanki Azərbaycanla, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var. Problemlər ola bilər, ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London yay olimpiya oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə, ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin! Erməni lobbisi, bizi, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin!”

Ölkə başçısı bildirib ki, bu ilin yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız təxminən 10% artacaq. Bu onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir.










DOSTLARINLA PAYLAŞ:

oyunlar