Azərbaycanda əlil ailə gördüyü yuxu ilə cek-pot uddu
08 Avqust 2013 Cümə Axşamı 20:22
Əvvəllər Gəncə tekstil fabrikində fəhlə işləyən cek-pot sahibi son illər işsiz imiş.
Gəncə şəhər sakini Əliyev Sahib Adil oğlu Azərbaycanın lotereya oyunları tarixində udulan ən böyük məbləğə sahib olub.

APA-nın qərb bürosunun xəbərinə görə, rekord məbləğ “Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində “Cek Pot” uduşu bir neçə gün əvvəl öz sahibinə təqdim edilib.

55 yaşlı Sahib Əliyev Gəncənin Muxtar Hacıyev küçəsində yaşayır. Bir qızı, bir oğlu var. Sahib kişi və onun bütün ailə üzvləri danışma və eşitmə qabiliyyətindən məhrum əlildirlər.

Əvvəllər Gəncə tekstil fabrikində fəhlə işləyən cek-pot sahibi son illər işsiz imiş. Onun işarələrini başa düşən qonşularının dediyinə görə, o, cavan vaxtlarından lotereya oyunlarına maraq göstərsə də, hər dəfə uğursuzluqla rastlaşıb. Lakin bu il iyulun 14-də Sahib kişinin 25 yaşlı qızı Şəfaqət yuxuda lotereya rəqəmləri görür. Oyandıqdan sonra onları yazıb atasına verir. Əvvəlcə rəqəmləri yazdırmağa tərəddüd edən Sahib Əliyev bir neçə gündən sonra həmin rəqəmləri yazmaqla “5/36” lotereyasına qeydiyyata düşür və oyunun keçirilməsini gözləyir.

Oyun vaxtı həmin 10, 13, 20, 24 və 28 rəqəmləri ailənin taleyinə xoşbəxt gün gətirir. 161 490 manat Əliyevlər ailəsinə qismət olur. Sahib Əliyev bildirib ki, qazandığı pullardan yaxın qohum-əqrəbasına yardım edib. Böyük bir hissə məbləği - 100 min manatı isə ailəsinin gələcəyi üçün banka qoyub. Ən böyük arzusu bu qisməti ona bəxş edən qızının toyunu etməkdir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar