Azərbaycanda 27 min narkotik istifadəçisi qeydiyyatdadır
18 İyul 2012 Çərşənbə 20:14
Ölkəmiz BMT-yə narkotiklərlə mübarizəyə dair yeni konvensiya qəbulunu təklif edib.
BMT-nin dünyada narkotik istifadəçilərinə dair açıqladığı hesabatda Azərbaycana narkotik maddələrin gətirildiyi əsas ölkə kimi İran göstərilir. Hesabatda Azərbaycanla bağlı vəziyyət ürəkaçan deyil.
Azərbaycanda narkotik maddə istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Narkotiklərə dair milli təbliğat ofisinin apardığı araşdırmalara görə, daha çox risk qrupuna 18-25 yaşlı gənclər daxildir.
Mərkəzin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, son vaxtlar dövriyyədə olan narkotik vasitələr marixuana və həşişdir. Azərbaycanın torpaqlarının işğalı və bu əraziyə nəzarətin olmaması isə ümumiyyətlə regionda narkotik maddələrin dövriyyəsinə təsir göstərir.
Bu ilin 6 ayı ərzində Azərbabycan hüquq-mühafizə orqanları tərəfindən 50 kiloqram heroin dövriyyədən çıxarılıb. Ümumilikdə son 5 il ərzində 5 tondan artıq narkotik vasitə müsadirə edilib.
Azərbaycan həm də öz coğrafi mövqeyinə görə, narkotik maddə qaçaqmalçılarını cəlb edir. Belə ki, Əfqanıstanda istehsal olunan narkotik vasitələr tranzit dəhliz kimi İran vasitəsilə Azərbaycanın üzərindən keçməklə Avropaya daşınır.
Narkotik vasitələr əsasən İran-Azərbaycan, Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan-Avropa, Xəzər dənizi vasitəsilə isə Azərbaycan-Əfqanıstan-Orta Asiya marşrutu üzrə daşınır.
Azərbaycanda 2012-ci il üzrə rəsmi qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 27 000-ə çatıb. İstifadəçilərdən 480-i qadın, qalanı isə kişilərdir. Dünyada isə ümumilikdə 208 milyondan artıq insan narkotik maddələrdən istifadə edir. Onlardan 26 milyonu sırf narkotik xəstəsidir.
Narkotiklərlə mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün müxtəlif tədbirlər görülür. Azərbaycan BMT-yə narkotiklərlə mübarizəyə dair yeni konvensiya qəbulunu təklif edib.