Azərbaycan tezliklə taxıl istehsalını 3,5 mln. tona çatdıracaq
07 Avqust 2012 Çərşənbə Axşamı 18:57
Azərbaycanda taxıl istehsalı proqnozları xeyli üstələyib. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, bu il 2,7 ton taxıl (dənli və dənli paxlalılar) istehsal olunacağı proqnozlaşdırıldığı halda, yığılan məhsul bundan da artıq olacaq. Bundan başqa, bu il 1,7 mln. ton ərzaq buğdası yığılması gözlənilsə də, faktiki yığılan məhsul 1,835 mln. ton təşkil edib: «Sevindirici hal bundan ibarətdir ki, bu il məhsuldarlıq da artıb və bu il hər hektardan 1,6 sentner artıq məhsul əldə etmişik».

Bununla yanaşı nazir qeyd edib ki, hava şəraiti pis olmasaydı, məhsul istehsalı bundan da artıq ola bilərdi: «Biz bu il 3,5 mln. ton taxıl əldə edə bilərdik, amma özünüzün də şahidi olduğunuz kimi, məhsul yığımı vaxtı, xüsusilə də iyun ayında hava şəraitinin qeyri-sabit keçməsi, güclü yağışların yağması biçin prosesinə mənfi təsir göstərib».

İ.Abasov bildirib ki, ölkənin kənd təsərrüfatı sektorunun potensialı ölkədə ümumi taxıl istehsalını 3,5 mln. tona çatdırmağa imkan verir: «Bunu nail ola bilsək, digər dövlətlərdən idxala ehtiyacımız qalmayacaq. Bunun üçün bütün tədbirlər görülür».

Nazir deyib ki, artıq dövlət başçısının tapşırığı ilə iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu məqsədlə artıq 4 800 ha torpaq sahəsi ayrılıb. «Digər tərəfdən Azərbaycan özünü toxumla tam təmin edir və fermerlər gübrədən istifadə etməli və aqrotexniki tədbirlər görməlidirlər ki, normal məhsul yığa bilsinlər. Belə olarsa, yaxın vaxtlarda 3,5 mln. tonluq məhsul yığımına nail ola bilərik», - deyə İ.Abasov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar