Azərbaycan gəmiləri Uran-E raket komplekslərilə silahlandırılacaq
19 İyul 2012 Cümə Axşamı 12:19
Uran-E kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub.
Azərbaycan Rusiyanın “Taktik Raket Silahlandırmaları” Korporasiyasına “Uran-E” gəmi raket kompleksləri sifariş verib. APA-nın xəbərinə görə, bu barədə adıçəkilən şirkətin hesabatında məlumat verilib.
Azərbaycan 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində “Uran-E” kompleksinin satın alınmasına dair sifariş yerləşdirib. Azərbaycanın sifarişi üzrə komplekslərin çatdırılması 2014-cü ildə yekunlaşmalıdır.
Şirkətin hesabatında Türkmənistan və Qazaxıstan da analoji komplekslər sifariş verdiyi qeyd olunub. Türkmənistanın birinci sifarişinin məbləği 79.8 milyon dollar, ikinci sifarişin məbləği isə 40 milyon dollardır (ikinci sifarişin kompleks və ya raketlər olduğu açıqlanmayıb). Korporasiya Türkmənistanın əsas sifarişləri üzrə çatdırılmaları bu il yekunlaşdıracaq. İkinci sifarişin icrası isə 2014-cü ildə başa çatdırılmalıdır. Qazaxıstanın sifarişi isə 30 milyon dollar həcmindədir və bu ölkənin sifarişi üzrə çatdırılmalara 2013-cü ildə başlanacaq.
Qeyd edək ki, suüstü gəmilərin, katerlərin və köməkçi gəmilərin silahlandırılmasında istifadə olunan “Uran-E” kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: