ANS milli peykə çıxır
16 İyul 2013 Çərşənbə Axşamı 11:29
Azərbaycanın ilk telekommunikasiya peyki kommersiya fəaliyyətinə başlayıb .
Bu gündən etibarən Azərkosmos ASC tam kommersiya fəaliyyətinə başlayır. Bu gün Azərkosmos ASC ilə ANS Müstəqil Media və Yayım şirkəti arasında "Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında" müqavilə imzalanıb.

Mərasimi ANS Şirkətlər Qurupunun vitse-prezidenti Mir Şahin Ağayev açıb. O, bildirib ki, bu gün ANS-in tarixində mühüm günlərdən biridir. "Biz bu gün milli peykimizə çıxırıq".

Daha sonra "Azərkosmos"un idarə heyətinin sədri Rəşad Nəbiyev ASC-nin hazırki fəaliyyəti və gələcək planları haqqında məlumat verib. O, bildirib ki, "Azərspace1" peykinə 2 ayda 5 milyon manat vəsait daxil olub. Peykin 15 il istifadə müddəti nəzərdə tutulsa da, 17 il istifadəsi planlaşdırılır. Bu illər ərzində 560-600 milyon manat gəlir əldə etməsi gözlənilir.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə çıxışında perespektiv əməkdaşlıq istiqaməti barədə məlumat verib. O, müqavilənin imzalanmasından qürur hissi duyduğunu qeyd edib.

Bundan sonra Vahid Mustafayev və Rəşad Nəbiyev arasında müqavilənin imzalanma mərasimi keçirilib.

Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da iştirak edib. O, bu günün xoş bir gün olduğunu deyib: "Həm "Azərspace"in kommersiya fəaliyətinə keçməsi, həm də ANS-in milli peykə çıxması mühüm məsələdir. Peykin orbitə çıxarılmasına 230 milyon manat xərc çəkilib. Amma peykin 600 milyon gəlir gətirməsi nəzərdə tutulub".

İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar