ANS ÇM dinləyicilərinə möhtəşəm sürpriz hazırlayıb
28 May 2013 Çərşənbə Axşamı 09:29
Bu gün Azərbaycanın ilk FM radiosu olan Çingiz Mustafayev adına ANS ÇM radiosunun ad günüdür.
Həmişə dinləyicilərini yeni layihələri ilə sevindirən ANS ÇM 19-ci ildönümündə də bu ənənəyə sadiq qalır. Radionun baş direktoru Ellada Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, 28 may Respublika günü və müstəqil respublikanın ilk FM radiosu olan Çingiz Mustafayev adına ANS ÇM radiosunun ad günü münasibətilə dinləyicilər bu il də fərqli, yeni və maraqlı verilişlərin şahidi olacaq. Belə ki, radionun ad günü münasibəti ilə mayın 28-i saat 19.30-da Yasamal istirahət parkında ulduzların iştirakı ilə konsert təşkil olunacaq.

E.Səfərlinin sözlərinə görə, ANS ÇM-in daha bir möhtəşəm layihəsi ANS TV ilə birlikdədir. “Getdik. Tarixin izi ilə 95” adlanan bu layihənin də ANS ÇM-in ad günündə efirə gedəcəyi gözlənilir. “Bir il əvvəl biz bu layihəni sınaqdan keçirdik, reytinq cədvəlinə, edilən telefon zənglərinə, DJ-lərin ünvanına canlı efirdə yazılan sms-lərə baxdıq. Bunlar sübut etdi ki, ANS ÇM bu layihəni həyata keçirməklə düzgün mövzu seçib, demək biz düzgün istiqamətdəyik. Uğurlu alındığına görə biz bu il də həmin layihəni davam etdirmək qərarına gəldik”.

Lakin radionun hazırladığı yeniliklər bunlarla bitmir. Əslində, bütün ANS ÇM-in pərəstişkarları bilirlər ki, ANS ÇM kollektiv olaraq onlar üçün həmişə ad günü ərəfəsində sürpriz hazırlayır.

Həmişə öz ad günündə hədiyyə verməyi xoşlayan ANS ÇM bu dəfə də müxtəlif müsabiqələrlə, maraqlı rubrikalarla dinləyiciləri sevindirəcək, efirdə hədiyyələr paylayacaq.

E. Səfərli ANS PRESS-ə açıqlamasında dinləyicilərin bu il də çox fərqli, maraqlı, heç yerdə eşitmədikləri Azərbaycan musiqilərinə, pop stilində olan musiqilərə qulaq asmaq imkanı qazanacağını bildirib.

Ad günü təbrikinə ANS ÇM-in aparıcıları da qoşulur:

Aytən Səfərova: “Radio mənimçün məktəbdir. Radio səlis danışmaq üçün məktəbdir. Televiziyada aparıcı hansısa qüsuru görüntü ilə, video ilə bağlaya bilər. Radioda bu mümkün deyil. Radio mənim üçün bir dərsdir və eyni zamanda məni heç vaxt sınmağa qoymayan bir vasitədir. Mən DJ-yəm, həyatımda nə baş verirsə versin, mən hər zaman gülərüz olmalıyam. İçimizdə nə hiss olursa-olsun, biz həmişə gülümsəməliyik. Belə bir ifadə var “həmişə gülümsəyin”. Nə olursa-olsun gülümsəməliyik. İçinizdə nə qədər ağrı-acı olursa-olsun gülümsəyin, çünki bu sizi istəyənlərin xoşuna gəlir, istəməyənləri isə qıcıqlandırır".

Valid Əliyev: “Mən bütün ANS ÇM-in dinləyicilərini təbrik edirəm. Çünki onların radiosu bir yaş da böyüdü. Mən bütün kolleqalarımı da təbrik edirəm, bizim radiomuz bir yaş da böyüməsinə baxmayaraq əksinə bir yaş da cavanlaşdı. Bundan sonra da həm yaşca, həm də ruhən gənc insanlar üçün işləyəcəyik. Biz həmişə dinləyicilərimizin əhval-ruhiyyəsinin optimist, dinamik, həyatsevər olmasına çalışırıq. Bunu hər zaman gözəl musiqi ilə, verilişlərimizlə edirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar