Aliment ödəməyənlər 3 il azadlıqdan məhrum ediləcəklər
28 Dekabr 2012 Cümə 13:29
Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Azərbaycanda aliment ödəməyənlər 3 il azadlıqdan məhrum ediləcəklər. APA-nın məlumatına görə, Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında da müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişiklik aliment ödəməkdən imtina ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Əli Hüseynli bildirib ki, hazırda mövcud məhkəmə qərarlarının icra işlərinin təxminən 1/3-i cəmiyyətdə həssas məsələ olan uşaqların hüquqlarının qorunması, aliment məsələsi ilə bağlıdır.
Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var: “Parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Məhz alimentlərlə məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə təklif olunur ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Cinayət Məcəlləsinin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tutur. Amma bu məsuliyyət həddindən artıq aşağıdır, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tutur. İndi bu qəbildən olan bu məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq. Məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər”.
Sənəd qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: