Ziyalılar Nəsiminin qəbrinin təhlükədə olmasından narahatdır
27 İyul 2012 Cümə 22:06
Onlar YUNESKO-nun Mədəni İrsi siyahısında olan abidənin qorunması üçün tədbirlərə başlamağın vacibliyini bildirir.
ANS-in qızğın döyüşlərin getdiyi Suriyanın Hələb şəhərində olan İmadəddin Nəsiminin məzarı ilə bağlı narahatlıq əks etdirən süjeti Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı narahat olmasına təkan verib. Ölkənin ziyalıları YUNESKO-nun mədəni irsi siyahısında olan bu abidənin qorunması üçün tədbirlərə başlamağın vacibliyini bildirir.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Nəsiminin Suriyanın Hələb şəhərindəki məqbərəsini son ziyarət edənlərdən biridir. Bu gün Suriyanın Hələb şəhərində gedən qızğın döyüşlərdən sonra Nəsiminin qəbrinin taleyi hər bir azərbaycanlı kimi Fikrət müəllimi də narahat edir. O, Azərbaycanın Suriyadaki səfirliyi vasitəsilə tez-tez Hələbdəki keçmiş qubernator müavini Məhəmməd Qədjə ilə əlaqə saxladığını deyir: “Orada yaşayan əhali 600 ildir ki, Nəsiminin abidəsini qoruyub saxlayır və ona rəğbət bəsləyir. İnanıram ki, yenə də onu qoruyacaqlar. Onun öz qohumları, yəni, nəslin davamçıları da həmin abidəni qoruyur”.
Azərbaycan ziyalıları da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İmadəddin Nəsiminin Hələbdəki məzarının taleyindən narahatdırlar.