Xoca filmi regionlarda da nümayiş etdirilir
27 Fevral 2012 Bazar Ertəsi 17:36
Xoca filmi regionlarda da nümayiş etdirilir. Gəncədə tamaşaçılar filmə gözləniləndən artıq maraq göstərdiyi üçün nümayişlər bir neçə gün davam edəcək.
Şəkidə “Xoca” filminin nümayişi Xocalı həqiqətlərini lentə almış Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan “Çingiz klubu”nda baş tutub. Filmi izləmək üçün ətraf rayonlardan - Qax və Qəbələ sakinləri Şəkiyə gəlib.

“Bu kinoda çəkilənlərə cox sağol deyirik. Filmə baxarkən bir daha bu həyəcanı yaşamış olduq. Mən özüm köhnə hərbçiyəm, zabit olmuşam. Mən erməni vəhşiliklərini gözümlə görmüşəm, amma filmdə bir daha bunun şahidi oldum. Film indiki cavanlara vətənpərvərlik hissini təbliğ edir”, - deyə Şəki şəhər sakini Rahim Cavadov vurğulayıb.

Zaqatala rayonunda da “Xoca” filmi nümayiş etdirilib. Filmi izləmək üçün Zaqatala Mədəniyyət Evinə toplaşan tamaşaçılar filmdən təsirləndiklərini bildiriblər.

“Film barədə təəssüratlarım cox böyükdür. Bu cox ağır filmdir, əslində qəbul etdik-etmədik film bizim həyatımızdan bəhs edir. Azərbaycan millətinin keçdiyi bir dövrdür, bir hadisədir”, - deyə Zaqatala şəhir sakini Hicran Əliyeva vurğulayıb.

Gəncənin Dövlət Dram Teatrında premyerası baş tutan filmin ilk nümayişi günü də zal tamaşaçı ilə dolu olub. Xocalı soyqırımı ərəfəsində Qarabağda və Bakıda baş verən paralel hadisələri göstərən filmin süjet xətti Ələkbər və Günel adlı gəncin sevgi səhnələrilə başlayan filmi seyr edən tamaşaçılar arasında gözyaşlarına hakim ola bilməyənlər az olmayıb.

“Elə bil ki, müharibənin özünü gördük. Bakıda toy olması, Xocalıda baş verənlər. Camaatın orada heç nədən xəbəri yox, amma burada dava-qırğın. Bu iki səhnənin bir anda vəhdət daşıması adama çox ağır təsir edir”, - deyə Gəncə sakini Məryam Babayeva bildirib.

Gəncə Dövlət Dram Teatrından verilən məlumata görə, premyerada tamaşaçılar gözləniləndən artıq filmə maraq göstərib. Ona görə də nümayişlər bir neçə gün davam edəcək.

“Bildiyiniz kimi artıq respublika miqyasında bir çox mədəniyyət ocağında “Xoca” filmi nümayiş etdiriləcək. Vahid Mustafayevin quruluş verdiyi bu film ilk dəfə nümayiş olundu və tamaşaçılar tərəfindən çox yüksək səviyyədə qarşılandı. Nəzərinizə çatdırmaq istəyirəm ki, “Xoca” filmi Gəncə şəhərində 6 gün davam edəcək. Seanslar hər gün saat 15:00-da olacaq”, - deyə teatrın direktoru Əli Qasımov bildirib.

Qeyd edək ki, “Xoca” filmi Şəki, Zaqatala, Gəncə ilə yanaşı Bərdə və Şirvanda nümayiş etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar