Xalq şairi Vahid Əzizlə görüş keçirilib
19 İyul 2012 Cümə Axşamı 15:42
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi tanınmış incəsənət və ictimai xadimlərlə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində xalq şairi Vahid Əzizlə görüş keçirib.
Mərkəzdən APA-ya verilən məlumata görə, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən görüşdə Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşları qatılıb.
Tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova və kitabxananın direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıblar. Tədbirdə bildirilib ki, V. Əzizin bütün misralarında əsas xətt məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.
V. Əziz isə bu cür görüşlərin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, gənc nəslin formalaşmasında dövlət siyasəti ilə yanaşı ictimaiyyət, valideynlər və müəllimlərin də xüsusi rolu var: “Gənclərin yaxşı və pis cəhətlərinə görə məsuliyyəti yaşlı nəsil daşıyır”.
Sonda V. Əziz son yazdığı şerlərdən oxuyub və tədbir iştirakçılarının suallarını cavablandırıb.
DOSTLARINLA PAYLAŞ: