Sumqayıtda Milli Teatr günü qeyd ediləcək
29 Fevral 2012 Çərşənbə 15:41
Son 40 ildə Sumqayıtda ilk dəfədir ki belə tədbir keçirilir.
“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin təşəbbüsü və "Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də N. Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə martın 9-da 10 mart- Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə ictimai birliyin həmtəsisçisi Kamal Almuradlı məlumat verib. Onun sözlərinə görə, tədbirdə Azərbaycanın aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Dram Teatrından nümayəndələr iştirak edəcək. Şəhər rəhbərliyinin, əlaqədar qurumların da qatılacağı tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Dram Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan fraqmentlər nümayiş olunacaq, görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video material təqdim ediləcək. Eyni zamanda, Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdirdiyindən söhbət açılacaq. Bayram tədbirində tanınmış müğənnilərin ifasında teatr, aktyorluq sənəti ilə bağlı olan mahnılar səslənəcək.
Qeyd edək ki, son 40 ildə Sumqayıtda ilk dəfədir ki belə tədbir keçirilir.
Xatırladaq ki, bu, “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin mədəni sahədə həyata keçirdiyi ilk belə tədbir deyil. Belə ki, ictimai birlik ötən ilin iyul ayında Milli Kino günü ilə bağlı tədbir də keçirmişdi.
DOSTLARINLA PAYLAŞ: