«Novruz-2009» Gənclərin Beynəlxalq Festivalı
17 Mart 2009 Çərşənbə Axşamı 16:40
Layihənin məqsədi müxtəlif ölkələrdən olan gəncləri Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənələri haqqında məlumatlandırmaqdır

 

Azərbaycanda keçiriləcək «Novruz-2009» Gənclərin Beynəlxalq Festivalında 14 ölkədən 25 nümayəndə iştirak edəcək. Bu ölkələr Almaniya, Gürcüstan, Ukrayna, Polşa, Böyük Britaniya, Yaponiya, Qırğızıstan, Misir, Moldova, Rusiya, İordaniya, Suriya, Türkiyə və Azərbaycandır. ANSPRESS-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. O bildirib ki, festival 2006-cı ildən başlayaraq həyata keçirilir. Festivalın əsas icraçısı «Avropa Tələbələr Forumu - Bakı» İctimai Birliyidir. Layihənin məqsədi müxtəlif ölkələrdən olan gənclərin Azərbaycana səfərlərinin təşkil edilməsi və onları Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında məlumatlandırmaqdır.

«Mənə elə gəlir ki, bu festival Azərbaycan haqqında məlumatların doğru təbliğ olunması, məlumatların dünyaya yayılması üçün gözəl bir vasitədir. Bu, bizim həyata keçirdiyimiz gənclər siyasətinin əsas istiqamətlərindən biridir», deyə nazir müavini qeyd edib.

Festival mart ayının 16-22 aralığında keçiriləcək. Festival çərçivəsində Azərbaycana gələn əcnəbi qonaqlar azərbaycanlı ailələrdə Novruz axşamını qeyd edəcək, tarixi abidələrə səfər edəcək və paytaxtda təşkil ediləcək şənliklərdə iştirak edəcəklər.
Nazir müavini nazirlik tərəfindən belə layihələrin daima dəstəklənəcəyini bildirib. O qeyd edib ki, Azərbaycan Gəncliyi Dövlət Proqramına uyğun olaraq xarici ölkələrin tələbələri arasında «Mən Azərbaycan haqqında nə bilirəm?» adlı müsabiqə də keçirilir. Bu il ərzində bu adda müsabiqə Avstriya və Litvada olacaq. Eyni zamanda azərbaycanlı tələbələr arasında həmin ölkələr haqqında nə bildikləri ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqənin qalibləri üçün Azərbaycana, Litva və Avstriyaya tanışlıq səfərləri təşkil ediləcək.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar