Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
22 Dekabr 2011 Cümə Axşamı 12:36
Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli ictimai-siyasi xadim, milli mətbuatın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Filarmoniyanın foyesində Nəsir İmanquliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılıb. Görkəmli jurnalistin nəvələri - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgi ilə tanış olublar.

Mərasim N. İmanquliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb. Filmdə Nəsir İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətləri geniş əks olunub.

Baş nazirin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyev mərasimdə çıxış edərək, N. İmanquliyevin görkəmli jurnalist, ictimai xadim, pedaqoq olmaqla bərabər, ilk növbədə böyük ziyalı olduğunu deyib: “Bu ziyalılıq yalnız etik bir kateqoriya deyil, eyni zamanda, vətənpərvərliyin və maarifçiliyin ifadəsi idi. Belə bir milli ziyalı ənənəsini Azərbaycan ictimai fikrində, ictimai həyatında bizim böyük qələm sahiblərimiz, maarifçilərimiz qoymuşdular. Bu, Mirzə Fətəlidən, Zərdabidən, Mirzə Cəlildən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Üzeyir bəydən, Ömər Faiqdən gələn milli ziyalılıq ənənələri idi. Nəsir müəllim də həmin estafeti onlardan qəbul etmiş böyük ziyalılarımızdan biri idi. Tutduğu vəzifədən, ictimai mövqeyindən asılı olmayaraq, həmin ziyalılıq Nəsir müəllimi ömrünün sonunadək müşayiət edib”.

E. Əfəndiyev N. İmanquliyevin Azərbaycan jurnalistikasının mötəbər ağsaqqalı olduğunu da vurğulayıb: “O, bu ağsaqqallıq səlahiyyətini həm şəxsiyyəti, həm də əməli ilə qazanmışdı. “Bakı” qəzeti sovet Azərbaycanında ən cavan rəsmi qəzet idi. Ancaq çox qısa bir vaxtda bu qəzet maraqlı və nüfuzlu bir mətbu orqana çevrildi. Nəsir müəllim istedadlı və özü kimi təmiz insanlardan ibarət yaradıcı bir kollektiv yaradaraq nəşrə başladığı gündən etibarən düz otuz il bu qəzetə rəhbərlik etmişdir. Həmin kollektivin üzvləri “Nəsir İmanquliyev məktəbi”nin nümayəndələri kimi tanınırlar. “Bakı” qəzeti Bakı Partiya Komitəsinin orqanı idi və aradan keçən illərin sınağı göstərdi ki, bu qəzet əslində, partiya doqmalarına yox, xalqa xidmət edib. Mən öz şəxsi təcrübəmə əsasən Nəsir müəllimin yaradıcı gənclərə son dərəcə xeyirxah münasibətini xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, belə bir münasibətin əsasında Nəsir müəllimin şəxsiyyətinə xas olan vətənpərvərlik, xalqa məhəbbət və bu xalqın gələcəyi ilə bağlı şəxsi məsuliyyət hissi dururdu”.

E. Əfəndiyev N. İmanquliyevin 100 illik yubileyində Mir Cəlal Paşayevi xatırlamamağın mümkünsüz olduğunu vurğulayıb: “Nəsir müəllimlə Mir Cəlal müəllim quda idilər. Təmkinli, ağır Mir Cəlal müəllimlə emosional Nəsir müəllim ilk baxışda ayrı-ayrı adamlar təsiri bağışlaya bilərdi, ancaq qətiyyən belə deyildi, çünki onları mənəvi təmizlik, saflıq, xeyirxahlıq, ziyalılıq ənənələri birləşdirirdi. Nəsillər bir-birini əvəz edəcək, bu şəxsiyyətlər isə həmişə öz xalqları ilə bir yerdə olacaqlar”.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da N. İmanquliyevlə bağlı xatirələrini bölüşüb: “Nəsir İmanquliyevlə şəxsən tanış olmazdan çox qabaq onun adını eşitmişdim. Müharibə illərində atamla bir yerdə Krım cəbhəsində ordu qəzetinin Azərbaycan redaksiyasında çalışdıqlarını bilirdim. Bu qəzetin Azərbaycan redaksiyasının rəhbəri tənqidçi və teatrşünas Cəfər Cəfərov idi. Çox illər sonra Cəfər Cəfərova fəaliyyətinin müharibə dövrü ilə bağlı böhtan atılanda onunla birlikdə Krım cəbhəsində olmuş yazıçı və jurnalistlər Rəsul Rza, Əli Vəliyev, Abbas Zamanov, İbrahim Novruzov, Cəfər Cəfərovu müdafiə edən məktub yazmışdılar, onun ən ağır şəraitdə özünü cəsur apardığını təsdiq etmişlər. Məktuba imza atanların biri də Nəsir İmanquliyev idi. Elə buna görə də Nəsir müəllimə qiyabi şəkildə hörmətim vardı. Sonralar o, “Bakı”-“Baku” qəzetlərinin redaktoru işləyərkən mən onunla yaxından tanış oldum. Mənim ən maraqlı yazılarım “Bakı”nın səhifələrində dərc edildi. Bütün bunlara görə daim onu minnətdarlıq hissi ilə xatırlayıram”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.

Mərasim iştirakçıları xalq artisti Xuraman Qasımovanın ifasında Vasif Adıgözəlovun “Bakı” mahnısını, Dövlət kamera orkestrinin ifalarında Rauf Hacıyevin “Vals”ını, xalq artisti Azər Zeynalovun ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Əsgərin ariyasını, gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədovun ifalarında Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasından Leyli və İbn-Salamın duetini dinləyiblər.

Tədbir Yaqub Zurufçunun ifasında “Ayrılıq” mahnısı, tenorlar Azər Zeynalov, Samir Cəfərov və Anar Şuşalının ifalarında Tofiq Quliyevin “Bakı haqqında mahnı”sı ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar