Musiqili Komediya Teatrı yeni kadr axtarışına çıxıb
25 Yanvar 2012 Çərşənbə 13:57
Əliqismət Lalayev: "Yaradıcı heyətin tərkibində əsaslı dəyişikliklər ediləcək.
102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yanvarın 26-da isə teatrda həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə ümidverici gənclər seçilməsinə imkan verəcək daha bir müsabiqəyə yekun vurulacaq.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib ki, yaradıcı heyətin tərkibində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir:
"Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, əsaslı təmirdən sonra öz qapılarını yenidən tamaşaçıların üzünə açacaq teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə aktyor, orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək kimi mühüm vəzifələr düşür. Hazırda teatrda kadr çatışmazlığı olduğundan, yeni istedadlı gənclərə çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır. Yeni seçim - yeni adları üzə çıxaracaq".
Ə.Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalçılara ehtiyac olduğunu də bildirib. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: