Muğam simpoziumu
17 Mart 2009 Çərşənbə Axşamı 14:35
Misir Mərdanov: «Belə bir simpoziumun ilk dəfə Azərbaycanda keçirilməsi tarixi bir hadisədir»

 

«Sabah Bakıda muğam və ona qohum olan musiqi ənənələrinə həsr olunmuş simpozium öz işinə başlayacaq. Belə bir simpoziumun ilk dəfə Azərbaycanda keçirilməsi tarixi bir hadisədir». Bunu martın 18-dən 20-dək Bakıda baş tutacaq beynəlxalq elmi simpoziumla bağlı keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib. Mətbuat konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, simpoziumda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistanın elm və musiqi xadimləri iştirak edəcəklər. Dəvətlilər arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqini tədqiq edən 30-a yaxın alim və musiqiçi var. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simaları iştirak edəcəklər. Seksiyaların iclasında Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, Özbəkistanın və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinlənəcək. Simpoziumlar Tarix muzeyində keçiriləcək.
«Bu sahədə Azərbaycanın və dünyanın tanınmış alimləri öz elmi araşdırmalarını, axtarışlarını ortalığa qoyacaqlar, müzakirələr olacaq. Onların  məruzələri yəqin ki, Elmlər Akademiyasının dərgilərində, jurnallarında çap olunacaq. İndi bizim alimlər, professorlarımız var ki, məhz musiqi sahəsində, məhz muğam sahəsində iş aparırlar. Muğam sahəsində bəlkə də digər sahələrə nisbətən elmi təqdqiqatlar az aparılıb. Ona görə bu iş daha çox diqqət tələb edir», -deyə M. Mərdanov qeyd edib.

Simpozium Bakıda keçiriləcək "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq. Festivalın prezidenti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Beynəlxalq festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə gerçəkləşəcək./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar