Məşhur rejissor Kşiştof Zanussi Bakıya gəlib
19 İyul 2012 Cümə Axşamı 16:18
Paytaxtımıza dəvət olunan görkəmli Polşa rejissoru Kşiştof Zanussi ustad dərsləri verəcək.
Gənc kinorejissorlara ustad dərsləri keçmək üçün Bakıya dəvət olunan görkəmli Polşa rejissoru Kşiştof Zanussinin ustad dərsləri davam edir. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyul ayının 16-da qonaq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Çox vacib missiya ilə Bakıya səfər etdiyinə görə, K.Zanussiyə təşəkkürünü bildirən nazir, gənc kinematoqrafçılarımızın dünya kino mədəniyyətinə yiyələnməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən görülən işlər və bunun bariz nümunəsi olaraq, kinonun maddi-texniki bazasının yeniləşdirilməsi, çəkilən filmlərin sayının artması, kadr ehtiyatının cavanlaşdırılması haqqında ətraflı məlumat verib.

Ə.Qarayevin bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Beynəlxalq Teatr Forumuna dəvətini minnətdarlıqla qəbul edən K. Zanussi, keçdiyi ustad dərslərinin gənclərin peşəkarlıq baxımından püxtələşməsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Məşğələlərin yaxın gələcəkdə Varşavada davam etdirilməsini təklif edib.

Görüş zamanı teatr məsələlərinə də toxunan qonaq bu günlərdə Akademik Milli Dram Teatrında baxdığı, Xalq yazıçısı Elçinin pyesi əsasında səhnələşdirilən “Şekspir” tamaşası və tamaşanın aktyor heyəti ilə söhbətləri haqqında təəssüratlarını bölüşüb.

Qeyd edək ki, K.Zanussinin ölkəmizin aparıcı teatrına marağı təsadüfi deyil. Gələn il onun bu teatrın səhnəsində özünün “Hübris” pyesinə quruluş verməsilə bağlı razılıq əldə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar