Joxadze, Kalleya, Bonomo və Yoksimoviç Səbinəyə dəstək oldular
22 May 2012 Çərşənbə Axşamı 10:04
Z.Yoksimoviç: "Səbinə gözəl səsə sahibdir".
Bakı Caz Mərkəzində Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayevanın şərəfinə mərasim təşkil olunub. Bu məkan Azərbaycan təmsilçisi üçün xüsusi önəm kəsb edir. Çünki Səbinə Eurovision 2012 təmsilçisi seçilənədək məhz buranın - Bakı Caz Mərkəzinin solo ifaçısı olub. Bu gün isə Səbinə Bakı Caz Mərkəzində Azərbaycan təmsilçisi kimi çıxış edib. Eurovision.az saytı xəbər verir ki, mərasimdə Səbinə Babayevanın qonaqları sırasında Türkiyənin müsabiqə təmsilçisi Can Bonomo, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, Malta təmsilçisi Kurt Kalleya, Gürcüstan təmsilçisi Anri Joxadze iştirak edib. Səbinə Babayeva mərasimə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"lə start verib. Daha sonra ölkə təmsilçisi repertuarındakı digər mahnıları, eləcə də "When The Music Dies"ı ifa edib. Səbinənin ifası mərasim iştirakçılarının böyük marağı ilə qarşılanıb.
Zeljko Yoksimoviç, Kurt Kalleya, Anri Joxadze və Can Bonomo Səbinəyə öz ifalarıyla dəstək olublar. Hər bir iştirakçı təmsilçimizə uğurlar arzulayıb, onun mükəmməl səsə və istedada sahib olduğunu deyiblər.