Eurovision şoularına vauçerlərin kassa satışı başlayır
20 Aprel 2012 Cümə 22:13
Satışa aprelin 23-dən start veriləcək.
May ayında "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin 6 möhtəşəm şousu keçiriləcək. 42 ölkənin iştirak edəcəyi şouların hər biri özüməxsus və yaddaqalan olacaq. Bakı müsabiqəsində tamaşaçılar bütün konsertlərdə çox maraqlı açılış və interval şouları izləyəcək. Bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq.
Qeyri-adi səhnə quruluşuna, Avropada ilk dəfə istifadə olunan hərəkətli işıq effektlərinə, ən müasir səs və görüntüyə malik Eurovision Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri şəhərimizdəki kassalardan da ala biləcək.
ANS PRESS-in eurovision.az saytına istinadən yaydığı məlumata görə, aprelin 23-dən etibarən Bakı şəhərində Eurovision Mahnı Müsabiqəsi 2012-nin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışı başlayacaq. Satış paytaxtdakı 6 kassada həyata keçiriləcək. Vauçer satışı aşağıdakı qayda üzrə aparılacaq:
-Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcək
-Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur
-Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq
-Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır
-Biletlərin satışı zamanı ödəmə nəğd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası - manatla olacaq
-Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz
Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin Eurovision Mahnı Müsabiqəsi 2012-nin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.
Eurovision Mahnı Müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 AZN, onların əsas məşqlərinin biletləri 30-50 AZN, jüri finalının biletləri isə 60-100 AZN arasındadır.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılıb.
Bakı şəhərində biletlərin kassa satışı aşağıdakı ünvanlarda olacaq:
1.Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00)
2.Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00)
3.Azərbaycan kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30)
4.Hökumət Evi yaxınlığındakı satış köşkü (saat 10:00-18:00)
5.Azərbaycan Dölət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00)
6.M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassası (saat 11:00-19:00)
DOSTLARINLA PAYLAŞ: