Dövlət Tarix-Etnoqrafiya Qoruğu
22 Dekabr 2011 Cümə Axşamı 20:47
Dövlət Tarix-Etnoqrafiya Qoruğu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib
Azərbaycan prezidenti İlham Əliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib.

Nazirlər Kabinetinə üç ay müddətində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar olaraq onun strukturunda və əsasnaməsində müvafiq dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədlərini müəyyənləşdirib təsdiq etmək tapşırılıb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə isə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yeni idarəetmə strukturunun təsdiq edilməsi, maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək həvalə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar