Cahandar ağa təqaüdə göndərildi
12 Yanvar 2012 Cümə Axşamı 15:52
Gəncə teatrının 11 aktyoru təqaüdə göndərilib.
Xalq artisti Ələddin Abbasov işdən azad olunub. Bu barədə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib. Xalq artisti yaşının çox olması ilə əlaqədar işdən uzaqlaşdırılıb.
Direktor deyir ki, teatrda yaşı 65-dən çox olan 14 nəfər çalışır. Yaş senzi ilə əlaqədar olaraq onlardan 11-i təqaüdə göndərilib. 3 nəfər isə texniki işçi olduğu üçün onlarla müqavilənin müddəti 1 il uzadılıb.
İşdən azad olunanlar arasında 89 yaşlı xalq artisti Ələddin Abbasovla yanaşı, 70 yaşlı əməkdar artist Məmmədəli Balayev də var. Prezident təqaüdçüsü Ələddin Abbasovun bu ilin mayın 5-də 90 yaşı tamam olacaq. O, "Dəli kür" filmində Cahandar ağa rolu ilə məşhurlaşıb.
Gəncə Dövlət Dram Teatrında 141 nəfər çalışır. Onlardan 41-i əsas aktyor, 3 nəfəri isə köməkçi heyətdir.
Gəncə Dövlət Dram Teatrının binası 1868-ci ildə tikilib. 1895-ci ildə isə şəhərdə ilk tamaşa səhnəyə qoyulub. Hazırda Teatr 117-ci mövsümünü yaşayır.
DOSTLARINLA PAYLAŞ: