Azərbaycanda bir neçə tanınmış aktyor işdən çıxarılıb
27 Dekabr 2011 Çərşənbə Axşamı 16:15
İşdən çıxarılanlar sırasında Ağaxan Salmanlı, Tariyel Qasımov, Lətifə Əliyeva və Firəngiz Şərifova da var.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında 65 yaş həddi ilə əlaqədar aktyorlar təqaüdə göndərilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov açıqlamasında bildirib ki, teatrda bu proses 70 yaşdan yuxarı aktyor və işçi heyətinə şamil olunub. Dövlət Gənc Tamaşaçılar Teatrında ümumilikdə 13 işçi təqaüdə göndərilib. Bu sırada 8 nəfər aktyor, digərləri isə texniki işçidir. Təqaüdə göndərilənlər arasında xalq artistləri Firəngiz Şərifova, Solmaz Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artistlər Rafiq Hüseynov, Lətifə Əliyeva, Sona Babayeva, Nazim İbrahimov var.
M. Həmidov deyib ki, teatrda təqaüdə göndərilən aktyorlar arasında yalnız Lətifə Əliyevanın yaşı 70-dən aşağıdır. Teatr rəhbəri onların ştatdan çıxarıldıqlarını, teatrda müqavilə əsasında işə cəlb olunduqlarını deyib və bu prosesin davamlı olacağını vurğulayıb.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında isə eyni səbəbdən 7 nəfər ştatdan çıxarılıb. Onlardan 4 nəfər aktyor, 3 nəfər isə texniki işçidir. Teatrın direktoru Ədalət Hacıyev açıqlamasında bildirib ki, aktyorlardan aparıcı səhnə ustaları Nelli Həsənova (1946), Zoya Qarçenko (1944), Lidiya Paverkina (1946), dram artisti Tkaç İosif (1939) ştatdan çıxarılıb. Teatr rəhbəri Tkaç İosiflə müqavilə əsasında əməkdaşlığın davam etdirildiyini deyib.
DOSTLARINLA PAYLAŞ: