Avropa Azərbaycan Cəmiyyəti (AAC) Avropada Azərbaycanla bağlı mədəni tədbirlər təşkil edib
30 Dekabr 2011 Cümə 23:16
Avropa Azərbaycan Cəmiyyəti (AAC) ötən ildə keçiridyi mədəni tədbirlər barədə hesabat yayıb.
Cəmiyyətdən APA-ya verilən məlumata görə, AAC-nın təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Londonda Vestminster zalında 1500 nəfərdən çox iştirakçının qatıldığı tədbir təşkil edilib.
Tədbirdə “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, həmçinin Rast qrupu konsert proqramı ilə çıxış edib.
Həmçinin əməkdar artist Tünzalə Ağayevanın və azərbaycanlı rəssamların iştirakı ilə Londonda Novruz şənlikləri təşkil edilib.
Cəmiyyət Londonda yaşayan azərbaycanlı musiqiçi Nəzrin Rəşidova və onun FeMusa ansamblının iştirakı ilə Xocalını anma tədbiri keçirib. Tədbirdə Xocalı ilə bağlı incəsənət əsərlərinin satış-sərgisi təşkil olunub.
Həmçinin ötən il Britaniyalı alimlərin Azərbaycan ədəbiyyatı üzrə mühazirələri təşkil olunub.
Cəmiyyət Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Gruntlers teatr qrupunun ifasında yazıçı Elçinin “Şekspir” əsərinin səhnələşdirilməsini dəstəkləyib və tamaşasını təşkil edib.
AAC tərəfindən 2009-cu il Montrea Caz festivalının qalibi İsfar Sarabskinin Berlində Asphalt Caz Klubunda və Karlsson Klubunda konserti təşkil edilib.
Həmçinin Londonda Mall qalereyasında azərbaycanlı rəssam Kəbirə Əliyevanın rəsm sərgisi təşkil edilib. Sərgi barədə xəbərlər BBC və Böyük Britaniyanın incəsənət dərgilərində yayımlanıb.
AAC tərəfindən Almaniya parlamentində Əşrəf Qurbanovun əsərlərindən ibarət sərgi, Berlin Filarmoniyasında azərbaycanlı sənətkarların çıxışı təşkil edilib.
Cəmiyyət Macarıstanda Avropa Mədəniyyəti Parlamentinin sessiyasında və Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda təmsil olunub.
AAC 2011-ci ildə Azərbaycanda yaşayan fransız əsilli xanim İvvono Bottonun uzun ayrılıqdan sonra vətəninə səfəri təşkil edib. AAC-nin araşdırmaları nəticəsində İvvono Bottonun Fransadakı qohumları tapılıb, ona aid olan sənədlər aşkar edilib. Xanım İvvono Botto haqqında sənədli filmin çəkilişləri başa çatdırılıb.
DOSTLARINLA PAYLAŞ: