Sinonimlər mənaca eyni və ya yaxın, antonimlər mənaca bir-birinin əksi olan sözlərdir. Omonimlər eyni yazılan və eyni tələffüz olunan, amma mənaları tamamilə fərqli sözlərdir, paronimlər isə səslənməsi bir-birinə yaxın, mənası fərqli sözlər. Bu səhifədə 150 nümunə (hər sözün həm sinonimi, həm antonimi), fərq cədvəli, qaydalar və cavablı 5 test sualı var.
Sinonim, antonim və omonim nədir · Fərq cədvəli · Qaydalar · Sifətlər · İsimlər · Feillər · Zərflər · Omonimlər · Testlər · Suallar
Sinonim, antonim, omonim və paronim nədir
Bu dörd anlayış Azərbaycan dilinin leksika bölməsinə aiddir və məktəb proqramında ibtidai siniflərdən başlayaraq öyrədilir. Müəllimlərin işə qəbulu üçün hazırlanan qiymətləndirmə çərçivəsində də "Leksika" bölməsində çoxmənalı sözlər, omonimlər, sinonimlər və antonimlər ayrıca mövzu kimi göstərilir. Yəni bu mövzu həm şagird, həm də abituriyent və müəllim üçün əsas biliklərdəndir.
Sinonimlər
Yazılışı və tələffüzü müxtəlif, mənası isə eyni və ya bir-birinə çox yaxın olan sözlərə sinonimlər deyilir: gözəl – qəşəng – göyçək, üz – sifət – çöhrə – sima. Dilçi Səlim Cəfərov sinonimləri "məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlər" kimi izah edir. Sinonimlər eyni nitq hissəsinə aid olur: sifətin sinonimi sifət, feilin sinonimi feil olur.
Bir neçə sinonim bir yerdə sinonim cərgəsi yaradır. Cərgədəki ən işlək və üslubca neytral söz əsas (dominant) söz sayılır. Məsələn, üz, sifət, çöhrə, sima, camal cərgəsində əsas söz "üz"dür, "camal" isə daha çox bədii üslubda işlənir. Deməli, sinonimlər çox vaxt yalnız mənaca yox, həm də məna çaları və üslub baxımından fərqlənir.
Antonimlər
Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir: isti – soyuq, dost – düşmən, gəlmək – getmək, tez – gec. Antonimlər əsasən keyfiyyət, zaman, məkan, istiqamət və hərəkət bildirən sözlərdə olur. Konkret əşya adlarının (stol, kitab, dəftər) antonimi olmur.
Omonimlər
Yazılışı və tələffüzü eyni, mənaları isə tamamilə fərqli olan sözlərə omonimlər deyilir: çay (içki) – çay (axar su), gül (çiçək) – gül (gülmək feilinin əmr forması). Omonimlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər.
Paronimlər
Səslənməsi və yazılışı bir-birinə çox yaxın olan, adətən bir-iki səslə fərqlənən, amma mənaca müxtəlif sözlərə paronimlər deyilir: hakim – həkim, əsr – əsir, ehtiyat – ehtiyac. Paronimlər yazıda və nitqdə ən çox səhvə yol açan sözlərdir; oxşar səhvləri Azərbaycan dilində ən çox səhv yazılan sözlər siyahısında da görə bilərsiniz.
Sinonim, antonim, omonim və paronim fərqi
Dörd anlayışı bir-birindən ayırmaq üçün iki suala baxmaq kifayətdir: sözlərin forması (yazılışı, səslənməsi) eynidirmi və mənaları necə əlaqələnir.
| Anlayış | Forması | Mənası | Nümunə |
|---|---|---|---|
| Sinonim | Müxtəlif | Eyni və ya yaxın | cəsur – igid – qorxmaz |
| Antonim | Müxtəlif | Əks | cəsur – qorxaq |
| Omonim | Tam eyni | Tamamilə fərqli, əlaqəsiz | at (heyvan) – at (atmaq feilindən) |
| Paronim | Yaxın, bir-iki səslə fərqli | Fərqli | hakim – həkim |
| Çoxmənalı söz | Bir söz | Bir-biri ilə bağlı bir neçə məna | dağın ətəyi – donun ətəyi |
Son sətir xüsusilə vacibdir: testlərdə omonimlə çoxmənalı söz ən çox qarışdırılan anlayışlardır. Çoxmənalı sözün mənaları arasında əlaqə hiss olunur (ətək – paltarın aşağı hissəsi, dağın aşağı hissəsi), omonimlərdə isə belə əlaqə yoxdur.
Sinonim və antonim sözlərin qaydaları
Məktəb dərsliklərində və test tapşırıqlarında aşağıdakı qaydalara əsaslanılır:
| Qayda | İzah və nümunə |
|---|---|
| Eyni nitq hissəsi | Sinonim və antonim cütləri eyni nitq hissəsindən olur: sevinc – kədər (isim), sevinmək – kədərlənmək (feil). |
| Kökdən və şəkilçidən yaranma | Antonimlər müxtəlif köklü sözlərdən (isti – soyuq) və eyni kökə -lı, -sız şəkilçiləri artırmaqla (duzlu – duzsuz, ağıllı – ağılsız) yarana bilər. |
| İnkar forması antonim deyil | Feilin təsdiq və inkar forması (gəlmək – gəlməmək) antonim sayılmır; gəlməkin antonimi getməkdir. |
| Çoxmənalı sözün bir neçə antonimi | Hər mənanın öz antonimi ola bilər: ağır çanta – yüngül çanta, amma ağır sual – asan sual. |
| Kontekst sinonimləri | Bəzi sözlər yalnız müəyyən birləşmədə sinonim olur: iti bıçaq – kəskin bıçaq, amma "iti addım" əvəzinə "kəskin addım" demirik. |
| Üslub fərqi | Sinonimin seçimi mətnin üslubuna görədir: rəsmi mətndə vəfat etmək, danışıqda ölmək, bədii mətndə dünyasını dəyişmək işlənir. |
Antonimlər xalq dilində də çox işlənir: əks mənalı sözlərin qarşılaşdırılması fikri yığcam və təsirli edir. Bunu atalar sözləri və mənaları siyahısındakı nümunələrdə də izləmək olar.
Aşağıdakı siyahılarda hər sətirdə əvvəlcə söz, sonra onun sinonimləri, sonda isə antonimi verilib. Nümunələr ədəbi dildə işlənən, lüğətlərdə təsbit olunmuş sözlərdən seçilib.
Sifətlərin sinonim və antonimləri (50 nümunə)
Sinonim və antonimlərin ən çox olduğu nitq hissəsi sifətdir, çünki sifət əşyanın əlamətini bildirir, əlamətin isə əksi asanlıqla tapılır.
- gözəl – qəşəng, göyçək; antonimi: çirkin
- böyük – iri, yekə, nəhəng; antonimi: kiçik, balaca
- hündür – uca, yüksək; antonimi: alçaq
- qoca – yaşlı, ahıl; antonimi: cavan, gənc
- yeni – təzə; antonimi: köhnə
- isti – qaynar, qızmar; antonimi: soyuq
- ağıllı – zəkalı, dərrakəli, müdrik; antonimi: ağılsız, axmaq
- cəsur – qorxmaz, igid, qoçaq; antonimi: qorxaq
- xəsis – simic; antonimi: səxavətli, əliaçıq
- zəngin – varlı, dövlətli; antonimi: kasıb, yoxsul
- çalışqan – zəhmətkeş, işgüzar; antonimi: tənbəl, ərincək
- şən – şad, xoşhal; antonimi: qəmgin
- qəmgin – kədərli, qüssəli, məyus; antonimi: şən, sevincli
- dar – ensiz; antonimi: geniş, enli
- təmiz – pak, pakizə; antonimi: çirkli
- doğru – düz, düzgün; antonimi: yanlış, səhv
- mehriban – xoşrəftar, nəvazişkar; antonimi: kobud
- kobud – qaba, nəzakətsiz; antonimi: nəzakətli, incə
- iti – kəskin; antonimi: küt
- sakit – dinc, aram; antonimi: səs-küylü
- bərk – möhkəm, sərt; antonimi: yumşaq
- nazik – incə; antonimi: qalın, yoğun
- aşkar – açıq, aydın; antonimi: gizli
- məşhur – tanınmış, şöhrətli, adlı-sanlı; antonimi: tanınmamış, naməlum
- baha – bahalı, qiymətli; antonimi: ucuz
- sağlam – salamat, gümrah; antonimi: xəstə
- səliqəli – nizamlı, qaydalı; antonimi: səliqəsiz, dağınıq
- pis – yaman, bəd; antonimi: yaxşı
- şirin – dadlı, ləzzətli; antonimi: acı
- yaş – nəm, rütubətli; antonimi: quru
- qaranlıq – zülmət, tutqun; antonimi: işıqlı
- yorğun – üzgün, əldən düşmüş; antonimi: gümrah
- mülayim – yumşaq, həlim; antonimi: sərt
- qəddar – zalım, amansız, rəhmsiz; antonimi: rəhmli, mərhəmətli
- ədalətli – insaflı, haqsevər; antonimi: ədalətsiz
- azad – sərbəst, hür; antonimi: əsir
- bacarıqlı – qabiliyyətli, istedadlı; antonimi: bacarıqsız
- diqqətli – sayıq, ehtiyatlı; antonimi: diqqətsiz
- qısa – gödək; antonimi: uzun
- qədim – əski, köhnə; antonimi: müasir
- sadə – adi, bəsit; antonimi: mürəkkəb
- çətin – ağır, müşkül; antonimi: asan
- dolu – ləbələb, dopdolu; antonimi: boş
- təcrübəli – bələd, səriştəli; antonimi: təcrübəsiz, naşı
- güclü – qüvvətli, qüdrətli; antonimi: zəif, gücsüz
- təvazökar – sadə, iddiasız; antonimi: lovğa, təkəbbürlü
- səmimi – ürəyiaçıq, saf; antonimi: riyakar, ikiüzlü
- vəfalı – sədaqətli, etibarlı; antonimi: vəfasız, xain
- nadinc – dəcəl, şuluq; antonimi: sakit
- cəld – çevik, zirək; antonimi: ləng
İsimlərin sinonim və antonimləri (35 nümunə)
İsimlərdə antonimlik daha çox mücərrəd anlayışlarda (hiss, vəziyyət, zaman) olur. Konkret əşya adlarının antonimi yoxdur.
- dost – yoldaş, rəfiq; antonimi: düşmən
- sevinc – şadlıq, fərəh; antonimi: kədər, qəm
- həyat – ömür, yaşayış; antonimi: ölüm
- sülh – barışıq, əmin-amanlıq; antonimi: müharibə
- xeyir – fayda, bəhrə; antonimi: zərər, ziyan
- qələbə – zəfər, qalibiyyət; antonimi: məğlubiyyət
- bilik – elm, savad; antonimi: cəhalət, nadanlıq
- səhər – sübh, dan; antonimi: axşam
- başlanğıc – əvvəl, ibtida; antonimi: son, axır
- sərvət – var-dövlət, mal-mülk; antonimi: yoxsulluq
- xəstəlik – azar, naxoşluq; antonimi: sağlamlıq
- işıq – nur, ziya; antonimi: qaranlıq
- hörmət – ehtiram, izzət; antonimi: hörmətsizlik, təhqir
- sevgi – məhəbbət, eşq; antonimi: nifrət
- qorxu – vahimə, xof, dəhşət; antonimi: cəsarət
- həqiqət – gerçək, doğruluq; antonimi: yalan
- şərəf – namus, ləyaqət; antonimi: rüsvayçılıq
- azadlıq – hürriyyət, sərbəstlik; antonimi: əsarət
- birlik – vəhdət, həmrəylik; antonimi: nifaq, parçalanma
- görüş – görüşmə, vüsal; antonimi: ayrılıq, hicran
- səxavət – comərdlik, əliaçıqlıq; antonimi: xəsislik
- ədalət – haqq, insaf; antonimi: haqsızlıq, zülm
- gəlir – mədaxil, qazanc; antonimi: xərc, məxaric
- müqəddimə – giriş, ön söz; antonimi: nəticə, yekun
- qıtlıq – qəhətlik, azlıq; antonimi: bolluq, bərəkət
- sual – sorğu; antonimi: cavab
- səbir – dözüm, təhəmmül; antonimi: səbirsizlik, tələskənlik
- etimad – inam, etibar; antonimi: şübhə
- sükut – səssizlik, sakitlik; antonimi: səs-küy, hay-küy
- qocalıq – ahıllıq, yaşlılıq; antonimi: gənclik, cavanlıq
- tərif – mədh, təqdir; antonimi: məzəmmət, danlaq
- sədaqət – vəfa, etibar; antonimi: xəyanət
- cənnət – behişt; antonimi: cəhənnəm, dozax
- güc – qüvvət, taqət, qüdrət; antonimi: zəiflik, acizlik
- səadət – xoşbəxtlik, bəxtiyarlıq; antonimi: bədbəxtlik
Feillərin sinonim və antonimləri (40 nümunə)
Feillərdə sinonim çox vaxt mürəkkəb feil və ya feili birləşmə şəklində olur (doğulmaq – dünyaya gəlmək). Antonim kimi isə inkar forması yox, əks hərəkəti bildirən ayrı feil götürülür.
- getmək – yollanmaq, yola düşmək; antonimi: gəlmək
- sevmək – istəmək, xoşlamaq; antonimi: nifrət etmək
- ağlamaq – göz yaşı tökmək, hönkürmək; antonimi: gülmək
- bitirmək – qurtarmaq, tamamlamaq, başa çatdırmaq; antonimi: başlamaq
- açmaq – aralamaq; antonimi: bağlamaq, örtmək
- almaq – götürmək, əldə etmək; antonimi: vermək
- qazanmaq – udmaq; antonimi: uduzmaq
- tapmaq – aşkar etmək, üzə çıxarmaq; antonimi: itirmək
- tikmək – qurmaq, inşa etmək; antonimi: sökmək, dağıtmaq
- yaşamaq – ömür sürmək, həyat keçirmək; antonimi: ölmək
- doğulmaq – dünyaya gəlmək, anadan olmaq; antonimi: ölmək, vəfat etmək
- qalxmaq – yüksəlmək, ucalmaq; antonimi: enmək, düşmək
- artmaq – çoxalmaq; antonimi: azalmaq
- danışmaq – söyləmək, nəql etmək; antonimi: susmaq
- qorxmaq – ürkmək, çəkinmək; antonimi: cürət etmək
- sevinmək – şadlanmaq, fərəhlənmək; antonimi: kədərlənmək, qəmlənmək
- yatmaq – yuxuya getmək; antonimi: oyanmaq
- isinmək – qızınmaq; antonimi: soyumaq, üşümək
- yaxınlaşmaq – yanaşmaq; antonimi: uzaqlaşmaq
- birləşmək – qovuşmaq, bitişmək; antonimi: ayrılmaq
- tərifləmək – öymək, mədh etmək; antonimi: danlamaq, pisləmək
- varlanmaq – dövlətlənmək, zənginləşmək; antonimi: kasıblaşmaq, yoxsullaşmaq
- gizlətmək – saxlamaq, pünhan etmək; antonimi: üzə çıxarmaq
- inanmaq – etibar etmək, güvənmək; antonimi: şübhələnmək
- xatırlamaq – yada salmaq, anmaq; antonimi: unutmaq
- girmək – daxil olmaq; antonimi: çıxmaq
- böyümək – boy atmaq, yetişmək; antonimi: kiçilmək
- yorulmaq – əldən düşmək, taqətdən düşmək; antonimi: dincəlmək
- işıqlanmaq – nurlanmaq, aydınlanmaq; antonimi: qaralmaq
- razılaşmaq – razı olmaq, uzlaşmaq; antonimi: etiraz etmək
- küsmək – incimək; antonimi: barışmaq
- bağışlamaq – əfv etmək, keçmək; antonimi: cəzalandırmaq
- imtina etmək – boyun qaçırmaq, vaz keçmək; antonimi: qəbul etmək
- alovlanmaq – yanmaq, odlanmaq; antonimi: sönmək
- yığmaq – toplamaq, cəmləmək; antonimi: dağıtmaq, səpələmək
- tələsmək – əl-ayağa düşmək; antonimi: yubanmaq, ləngimək
- sevindirmək – şad etmək; antonimi: kədərləndirmək, üzmək
- yaxşılaşmaq – düzəlmək; antonimi: pisləşmək
- sağalmaq – şəfa tapmaq; antonimi: xəstələnmək
- islatmaq – nəmləndirmək; antonimi: qurutmaq
Zərflərin sinonim və antonimləri (25 nümunə)
Zərflərdə antonimlər əsasən tərzi-hərəkət, zaman və yer bildirən sözlərdə olur: tez – gec, irəli – geri, yuxarıda – aşağıda.
- tez – cəld, sürətlə; antonimi: yavaş, asta
- erkən – tezdən, vaxtından əvvəl; antonimi: gec
- uzaqda – aralıda, kənarda; antonimi: yaxında
- içəridə – daxildə; antonimi: bayırda, çöldə
- yuxarıda – üstdə; antonimi: aşağıda, altda
- irəli – önə, qabağa; antonimi: geri
- tez-tez – sıx-sıx, mütəmadi; antonimi: hərdən, arabir
- həmişə – daima, hər vaxt, hər zaman; antonimi: heç vaxt, heç zaman
- əvvəl – qabaq, öncə; antonimi: sonra
- ucadan – bərkdən, yüksək səslə; antonimi: yavaşdan, pıçıltı ilə
- birlikdə – bərabər, birgə, əlbir; antonimi: ayrılıqda, təklikdə
- gizlicə – xəlvəti, xəlvətcə, oğrun-oğrun; antonimi: açıq-aşkar
- qəsdən – bilə-bilə, bilərəkdən; antonimi: təsadüfən, bilmədən
- sakitcə – səssizcə, dinməzcə; antonimi: səs-küylə
- çətinliklə – güclə, zorla; antonimi: asanlıqla, rahatca
- məmnuniyyətlə – həvəslə, sevə-sevə; antonimi: könülsüz, istəmədən
- düz (danışmaq) – doğru; antonimi: yalan
- çox – xeyli, bol, olduqca; antonimi: az
- qabaqda – önündə, irəlidə; antonimi: arxada, dalda
- səhv (yazmaq) – yanlış; antonimi: düzgün
- ehtiyatla – diqqətlə, sayıqlıqla; antonimi: ehtiyatsız, diqqətsiz
- tamamilə – büsbütün, bütünlüklə, tam; antonimi: qismən
- bəzən – hərdən, arabir, ara-sıra; antonimi: həmişə
- birdən – qəflətən, qəfildən, gözlənilmədən; antonimi: tədricən
- ağır-ağır – yavaş-yavaş, asta-asta; antonimi: tələsik, cəld
Omonimlər: nümunələr cədvəli
Omonimləri yadda saxlamağın ən asan yolu sözü iki ayrı cümlədə işlətməkdir. Aşağıdakı cədvəldə məktəb dərsliklərində və testlərdə ən çox rast gəlinən omonimlər toplanıb.
| Söz | Birinci məna | İkinci məna | Cümlədə |
|---|---|---|---|
| çay | içki | axar su | Çayın kənarında çay içdik. |
| gül | çiçək (isim) | gülmək feilinin əmr forması | Gülü al, bir az gül. |
| at | heyvan (isim) | atmaq feilinin əmr forması | Atın qabağına ot at. |
| yaş | ömür illəri | nəm, islaq; göz yaşı | On yaşlı uşağın yanağında yaş vardı. |
| dolu | göydən yağan buz dənələri | boş olmayan | Dolu yağanda vedrə su ilə dolu idi. |
| qaz | ev quşu | yanacaq; qazmaq feilinin əmr forması | Qaz sobası yanırdı, həyətdə qaz gəzirdi. |
| yay | ilin fəsli | ox atmaq aləti; yaymaq feilinin əmr forması | Yayda süfrəni həyətdə yay. |
| sağ | diri, sağlam | sol tərəfin əksi; sağmaq feilinin əmr forması | Sağ əlinlə inəyi sağ. |
| düz | əyri olmayan | düzmək feilinin əmr forması | Düz yolla gəl, kitabları rəfə düz. |
| aş | plov, xörək | aşmaq feilinin əmr forması | Aşı ye, sonra təpəni aş. |
| bal | arı balı | qiymətləndirmə vahidi | Testdən yüksək bal alan uşağa bal verdilər. |
| üz | sifət | üzmək feilinin əmr forması | Üzünü yu, sonra hovuzda üz. |
Paronimlərdən bir neçə nümunə: hakim (məhkəmədə qərar verən şəxs) – həkim (müalicə edən mütəxəssis); əsr (yüz il) – əsir (girov düşmüş adam); ehtiyat (gələcək üçün saxlanan) – ehtiyac (lazım olan şey, tələbat); diplomat (dövləti xaricdə təmsil edən) – diplomant (diplom işi müdafiə edən tələbə).
Sinonim və antonim testləri (DİM tipli)
Aşağıdakı 5 sual buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanı üçün Azərbaycan dili testlərinin formatına uyğun tərtib olunub. Əvvəlcə özünüz cavab verin, sonra son sütunla yoxlayın.
| № | Sual | Variantlar | Cavab və izah |
|---|---|---|---|
| 1 | Hansı cərgədə sinonimlər verilib? | A) gözəl – çirkin; B) üz – çöhrə; C) gül (isim) – gül (feil); D) əsr – əsir; E) yaş – quru | B. "Üz" və "çöhrə" eyni mənalıdır. A və E antonim, C omonim, D paronimdir. |
| 2 | Hansı cərgədə antonim cütü yoxdur? | A) isti – soyuq; B) dost – düşmən; C) gəlmək – gəlməmək; D) tez – gec; E) sevinc – kədər | C. Feilin inkar forması antonim sayılmır. |
| 3 | "Çayın kənarında oturub çay içdik" cümləsində hansı leksik hadisə var? | A) sinonimlik; B) antonimlik; C) omonimlik; D) paronimlik; E) çoxmənalılıq | C. "Çay" (axar su) və "çay" (içki) mənaca əlaqəsiz omonimlərdir. |
| 4 | Hansı cərgədə paronimlər verilib? | A) hakim – həkim; B) iri – yekə; C) dar – geniş; D) at (heyvan) – at (feil); E) xeyir – fayda | A. Bir səslə fərqlənən, mənaca müxtəlif sözlərdir. B və E sinonim, C antonim, D omonimdir. |
| 5 | "Cəsur" sözünün sinonimi və antonimi hansı cərgədə ardıcıl verilib? | A) igid – qorxaq; B) qorxaq – igid; C) qoçaq – qorxmaz; D) güclü – zəif; E) qəddar – rəhmli | A. "İgid" sinonim, "qorxaq" antonimdir. B-də ardıcıllıq tərsdir, C-də hər iki söz sinonimdir. |
Sinonim və antonimləri necə tez öyrənmək olar
Cərgə ilə öyrənin. Hər sözü tək yox, sinonim cərgəsi və antonimi ilə birlikdə yazın: qəmgin – kədərli – qüssəli – məyus; antonimi: şən. Beləliklə bir sözlə dörd-beş söz yadda qalır.
Cümlədə yoxlayın. Sinonimi cümlədə əvəz edin: məna dəyişmirsə, cüt doğrudur. "İti bıçaq" əvəzinə "kəskin bıçaq" demək olar, deməli bu birləşmədə onlar sinonimdir.
Nitq hissəsinə baxın. Test sualında cütün biri isim, digəri feildirsə, o cüt nə sinonim, nə də antonimdir.
Omonimi çoxmənalılıqdan ayırın. Özünüzdən soruşun: mənalar arasında əlaqə varmı? Varsa, çoxmənalı sözdür, yoxdursa, omonimdir.
Tez-tez verilən suallar
Sinonim nədir?
Sinonim yazılışı və tələffüzü müxtəlif, mənası eyni və ya yaxın olan sözdür: gözəl – qəşəng, igid – qoçaq. Sinonimlər eyni nitq hissəsinə aid olur.
Antonim nədir, hər sözün antonimi olurmu?
Antonim mənaca əks olan sözdür: isti – soyuq. Hər sözün antonimi olmur; konkret əşya adlarının (masa, qələm) antonimi yoxdur.
Omonimlə çoxmənalı sözün fərqi nədir?
Omonimlərin mənaları arasında heç bir əlaqə yoxdur (çay – içki, çay – axar su). Çoxmənalı sözün mənaları isə bir-biri ilə bağlıdır (dağın ətəyi – donun ətəyi).
Paronim nədir?
Paronimlər səslənməsi və yazılışı yaxın, mənası fərqli sözlərdir: hakim – həkim, əsr – əsir. Onları qarışdırmaq ən çox yayılmış nitq səhvlərindəndir.
"Gəlmək – gəlməmək" antonimdirmi?
Xeyr. Feilin təsdiq və inkar formaları antonim sayılmır. "Gəlmək" feilinin antonimi "getmək"dir.
Mənbə: QəbulOL – Omonimlər, QəbulOL – Antonim sözlər, Azərbaycan Universiteti – sinonimlərə dair məqalə (S. Cəfərov, H. Həsənov istinadları), ARTİ – MİQ qiymətləndirmə çərçivəsi




Şərhlər