Magistraturaya qəbul qaydaları
14 Aprel 2009 Çərşənbə Axşamı 14:20
Respublika ali məktəblərinin magistraturasına sənədlərin qəbulu internet vasitəsi ilə aparılır

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına qəbul qaydalarını açıqlayıb. Respublika ali məktəblərinin magistraturasına sənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır: Bakalavr 2009-cu il aprelin 13-dən 20-dək şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyanın mü­va­fiq internet səhifəsi­nə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. TQDK-nın ödəmə kartını aprelin 13-dən etibarən Respublikanın bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də TQDK-nın binasından əldə etmək olar. "Magistr" jurnalının 3-cü nömrəsində “elektron ərizə”nin nümunəsi ilə yanaşı, onun doldurulması qaydası da verilib.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2009-cu il aprelin 13-dən 20-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək müvafiq Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
Azərbaycan ali məktəblərinin məzunu olan bakalavrlar ərizələrini Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, “Azərbaycan” Universiteti, Xəzər Universiteti, “Qafqaz” Universiteti, Qərb Universiteti, “Odlar Yurdu” Universiteti, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Beynəlxalq Universitetində yaradılmış müvafiq SQK-da təsdiq etdirə bilərlər.
Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə qəbul olunmaq istəyən xarici dövlətlərin vətəndaşları, xarici ölkələrdə təhsil almış, həmçinin Türkiyə Respublikasının ali məktəblərinin magistraturasının ixtisaslarını seçmək istəyən Azərbaycan Respublikasının vətəndaşları isə TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında “Bakalavrın elektron ərizəsi” formasını doldurmalı və təsdiq etdirməlidirlər.

"Magistr" jurnalında “Elektron ərizə”nin nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilib.
“Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yara­dılmış bütün SQK-ların siyahısı və tələb olunan sənədlər də jurnalda göstərilib.
Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə test üsulu ilə (bəzi proqramlar üzrə isə yazılı imtahanla) qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır.
Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə 10 baldan, xarici dildən 10 baldan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar.
İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunmuş tarixdə elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etməlidirlər. Magistratura pilləsinə qəbul olun­maq istəyən şəxsin seçdiyi magistr ixtisasları onun bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır. Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəb­lə­rinin təhsili ödə­niş­siz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır. İxtisasların ardıcıl­lığı bakalavrın özü tərəfindən müəyyən­ləş­dirilir. Se­çilmiş ixtisasların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı ballara əsasən müsabiqədən keç­diyi ixtisasların bi­rin­cisinə yer­ləş­dirilir.
İkinci magistr təhsili almaq istəyən şəxslər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. Xarici dövlət­lərin vətəndaşları, qüv­və­­də olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da di­gər hallar nəzərdə tutul­mayıbsa, yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Sualların cavablandırılmasına 1 saat 30 dəqidə vaxt ayrılır.
­ Müsabiqə şərtləri - Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.
­ Test tapşırığı nümunələri - Bu bölmədə məntiqi təfəkkür, informatika və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Magistraturaya qəbul imtahanına hazırlaşan gənclər bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar