YAP kadr deyişikliyi edib
01 Avqust 2013 Cümə Axşamı 15:33
YAP Gence şeher teşkilatının sedri vezifesinden uzaqlaşdırılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının bu gün keçirilən konfransında təşkilata yeni sədr seçilib. Moderator.az-ın xəbərinə görə, YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov tutduğu vəzifədən kənarlaşdırılıb. Onun əvəzinə isə konfrans nümayəndələri Gəncənin Kəpəz Rayon icra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevi sədr seçib.
Qeyd edək ki, Naqif Həmzəyev hakim partiyanın rayon -şəhər təşkilatlarının sədrləri arasında ən gəncidir.
Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub. 1988-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olub. 1989-cu ildən təhsilini Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə davam etdirib. 2000-ci ildə həmin məktəbi bitirib. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003-2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. 2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub. “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib. 2007-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə gedib. 20.01.2007-ci il tarixdən 11.04.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək “leytenant” hərbi rütbəsini qazanıb. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edib və 16.10.2008-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün ordu sıralarından tərxis olunub. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlar və mükafatlarla təltif edilib. 2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb. 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2012-ci il 12 noyabr tarixindən 2013-cü il 8 fevral tarixinədək Azərbaycan Dövlət Aqrar Universitetində innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib. Hal-hazırda Gəncə şəhər Kəpəz rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.
DOSTLARINLA PAYLAŞ: