Bakıda türkdilli ölkələrin Parlamentlərarası Assambleyasına üzv dövlətlərin parlamentlərinin baş katiblərinin toplantısı keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri təmsil olunur.
Dörd ölkə parlamentinin baş katibinin bir araya gəldiyi toplantıda bu il Bakıda keçirilməsi planlaşdırılan assambleyanın növbəti iclasının vaxtı, gündəliyi, qurumun nizamnaməsinin hazırlanması məsələləri müzakirə olunub.
Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev assambleyanın baş katibliyinin ofisinin Bakıda yerləşməsini təklif edib. Assambleyanın üzvü olan digər dövlətlərin nümayəndələri bu təklifə etiraz etməyiblər.
Türkdilli dövlətlərin parlament assambleyasının növbəti toplantısının sentyabrın 28-29-da Bakıda keçirilməsi barədə razılıq ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçılarının konfransında əldə olunub. Özbəkistan və Türkmənistan tədbirdə iştirakdan imtina edib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı 2008-ci il noyabrın 20-dən 22-dək İstanbulda keçirilib. Birinci konfransda Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibliyi yaradılıb, qurumun Təsis Sazişi imzalanıb. /ANS TV/