Heydər Əliyevin qızı Sevil Əliyeva Azərbaycanda aktiv siyasi fəaliyyətlə məşğul olmağa hazırlaşması barədə mətbuatda yayılan məlumatları təkzib edib. “Belə xəbərlərin mətbuatda tez-tez yer alması məni öz mövqeyimi bildirməyə və məsələyə nöqtə qoymağa məcbur etdi. Mən siyasətlə məşğul olmağa hazırlaşmıram, bu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Kütləvi informasiya vasitələrindəki bu məlumatlar reallığa qətiyyət uyğun deyil”. Sevil Əliyeva bunu "İnterfaks" Azərbaycan agentliyinə bildirib. O, həmçinin Azərbaycanda hər hansı siyasi partiyaya rəhbərlik edəcəyi və vətənində onun tərəfdaşları, eləcə də düşmənlərinin olması barədə gəzən şayiələri təkzib edib. “Mənim burda - Londonda ailəm var, formalaşmış həyat tərzim və əsasən bəstəkarlıqdan ibarət məşğuliyyətim var. Mən onu dəyişmək, xüsusilə də siyasətlə məşğul olmaq fikrində deyiləm”. Sevil Əliyeva, həmçinin valideynlərinin xatirəsini əziz tutduğunu və qardaşı prezident İlham Əliyevi çox sevdiyini, onun uğurlarıyla fəxr etdiyini deyib. /ANS TV/