“Şəhid azərbaycanlı qardaşlarımızı unutmaq bizə yaraşmaz”
16 Sentyabr 2009 Çərşənbə 18:45
Bakı – APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində siyasi partiya liderləri ilə görüşlərini tamamlayıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Ə. Davudoğlu son olaraq Demokrat Partiyasının lideri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüsaməddin Cindorukla görüşüb.

H. Cindoruk görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinin əslində ikitərəfli deyil, üçtərəfli olduğunu, bu prosesdə mütləq Azərbaycanın da iştirakının vacibliyini vurğulayıb: “Azərbaycan bizim qardaşımız, soydaşımız, dostumuz, müttəfiqimizdir. Bizi tarixdən gələn eyni soyağacı birləşdirir. Azərbaycanla münasibətlərdə çox həssas olmalıyıq. Ancaq hazırda bu həssaslıq tam göstərilmir. Azərbaycan xalqının iztirablarının unudulması mümkün deyil. Bir milyon qaçqın var. Onların Azərbaycanda necə yaşadığını və şəhid məzarlıqlarını gözlərimlə görmüşəm. Bu məzarlıqlarda yatan şəhid azərbaycanlı qardaşlarımızı unuda bilmərik. Onları unutmaq mümkün deyil. Unutmaq bizə yaraşmaz”.

H. Cindoruk bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin pozulmasında Azərbaycanın qətiyyən günahı yoxdur: “Hücum edən dövlət Ermənistandır. Biz düşmənçiliyin əsrlər boyu davam etməsini istəmirik. Amma Ermənistanla razılaşmalar Azərbaycanla Türkiyənin xüsusən Dəmirəl və Heydər Əliyev tərəfindən başladılan dostluğunu zədələyə bilər”.

Təcrübəli siyasətçinin fikrincə, Türkiyə hökuməti Ermənistanla münasibətlər qurmaqda tələsməməli, bu məsələdə cəmiyyətdəki bütün fikirləri nəzərə almalıdır. DP lideri hesab edir ki, tələsməyə ehtiyacı olan tərəf Ermənistandır: “Çünki Ermənistan öz ərazisinə sıxışıb qalıb. Sərhədlər açılsa, bundan qazanan Ermənistan olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar