Səfirlər ölkənin cənub rayonlarına səfərə çıxıb
18 Aprel 2009 Şənbə 17:00
Çin,İsrail,Qazaxıstan,Polşa,Hindistan,Cənubi Koreya,Kuba,Tacikistan və Macarıstan səfirlərinin 2 günlük səfəri bu gün başa çatıb

 

Çin, İsrail, Qazaxıstan, Polşa, Hindistan, Cənubi Koreya, Kuba, Tacikistan və Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz xanımları ilə birlikdə ölkənin cənub rayonlarına tanışlıq xarakterli səfərə çıxıblar. Masallı rayonundan başlanan gəzintinin əvvəlində qonaqlar rayonun icra hakimiyyətində qarşılanıb, onlara sosial-iqtisadi və mədəni sahələrə dair məlumat verilib. Masalının ən iri sənaye müəssisəsi- mebel fabrikində olan diplomatlar burada 700-dən artıq işçinin çalışdığından və müəssisədən dünyanın bir neçə ölkəsinə mebel ixrac edildiyindən təəccüblərini gözlətməyib.

İstisu müalicə pansionatı ilə tanışlıq və buranın təbiəti səfirləri heyran qoyub. Çin, İsrail, Qazaxıstan, Polşa, Hindistan, Cənubi Koreya, Kuba, Tacikistan və Macarıstanın Azərbaycandakı səfirləri Masallının tarixi yerlərini də ziyarət edib, Hişkədərə kəndindəki tarix və diyarşünaslıq muzeyinin keçmişi əks etdirən eksponatları ilə tanış olublar.
Qonaqlar eyni zamanda Masallıdakı Heydər Əliyev muzeyində, Viləşçay Su Dəryaçasında olub. Səfirlərə bildirilib ki, 46 milyon kubmetr su tutumu olan Dəryaça 11 min hektar sahənin suvarılmasına imkan verir.

Masallıdan sonra xarici ölkələrin təmsilçiləri Lənkəran rayonuna yollanıb. Lənkəran İcra Hakimiyyətinin başçısı diplomatik korpusun nümayəndələrinə Lənkəranın iqtisadiyyatı, əhalinin məşğuliyyəti barədə ətraflı məlumat verib. Rayonun yeni abadlaşdırılmış məkanları və təbii gözəllikləri ilə tanışlıqdan sonra səfirlər regionun ən iri süd emalı müəssisəsinə baş çəkib, istehsal prosesi ilə maraqlanıblar. Xarici qonaqların Lənkəranla tanışlığı Heydər Əliyev muzeyində, uşaq evində, mərkəzi stadionda davam edib.

Səfərin yekunları ilə bağlı təəssüratlarla İsrailin Azərbaycandakı səfiri Artur Lenk bölüşüb: «Azərbaycanın, o cümlədən bu bölgənin böyük turizm imkanları var. Əminəm ki, gələcəkdə İsrail və Avropanın iş adamları burada böyük turizm layihələri həyata keçirəcəklər, o cümlədən də kənd təsərrüffatı sahəsində. İsrail mütəxəssislərinin emal sahəsindəki böyük təcrübəsi buradakı iş adamları üçün faydalı ola bilər, xüsüsən tərəvəz və meyvə istehsalı sahəsində».

Qeyd edək ki, Diplomatik korpusun Azərbaycandakı nümayəndələrinin cənub rayonlarına 2 günlük səfəri bu gün başa çatıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar