Seçkidə müxalifətdən çox az namizəd var
21 Dekabr 2009 Bazar Ertəsi 13:30
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel bunu mütləq düşünülməli məsələ adlandırıb
“Azərbaycanda bələdiyyə seçkisi inzibati baxımdan mümkün olduğu qədər normalara uyğun təşkil edilməyə çalışılıb. Hökumət orqanları lazımi addımları atıblar”. Bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel deyib. O, seçkidə çatışmazlığın olduğunu da etiraf edib.

ATƏT nümayəndəsi bildirib ki, seçkidə namizəd olanlar arasında müxalifətdən çox az nümayəndə var: “O qədər az namizəd oldu ki, hətta dövlət televiziyalarındakı kampaniyalara da qoşula bilmədilər. Bu, gələcəkdə mütləq düşünülməsi lazım olan məsələdir”.

ATƏT-in Bakı Ofisinin rəhbəri seçki ilə bağlı Mərkəzi Seçki Komissiyasına bəzi şikayətlərin də daxil olduğunu deyib. Onun sözlərinə görə, MSK bəzilərini qəbul etsə də, bəzilərini etməyib. “Şikayətlərin ən çoxu imzaların saxta olması ilə bağlı idi. Qarşıdakı illərdə bu şikayətlərin qaynağı olan məsələlərin aradan qaldırılması istiqamətində düşünmək lazımdır. Qarşıdan parlament seçkisi gəlir. Bu seçki daha önəmlidir. Bəlkə bu seçkidən əvvəl bəzi dəyişiklər edilməklə, bu tip şikayətlərin qarşısını almaq olar”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar