Sabah ümumxalq səsverməsi keçiriləcək
17 Mart 2009 Çərşənbə Axşamı 11:30
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sabah ölkə üzrə ümumxalq səsverməsi (referendum) keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) seçici siyahısında apardığı son dəqiqləşdirməyə görə, ölkədə 4 milyon 900 min seçici var. Səsvermə sabah - martın 18-də saat 8.00-dan başlayacaq, 19.00-a qədər davam edəcək. MSK seçicilərin aktivliyi ilə bağlı gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ictimaiyyətə məlumat verəcək. Səsvermənin nəticələri ilə bağlı ilkin məlumatlar isə səsvermə başa çatdıqdan bir neçə saat sonra açıqlanacaq. Referendumun baş tutması üçün ölkə üzrə seçicilərin ən azı 25 faizinin iştirak etməsi vacibdir. Seçki Məcəlləsinin tələbinə görə, səsvermə başa çatdıqdan sonra 48 saat müddətində Dairə Seçki Komissiyaları yekun protokolları MSK-ya təqdim etməlidir. MSK isə səsvermədən sonra 20 gün ərzində rəsmi nəticələri açıqlamalıdır.

Referendumla bağlı 15 Təşəbbüs qrupu yaradılsa da, onların yalnız 9-u Təşviqat qrupu kimi qeydə alınıb. Bunlar “Yeni Azərbaycan”, “Zəka”, “Vətəndaş Cəmiyyəti”, “Davamlı inkişaf naminə”, “Şəhər”, “Hüquq və demokratiya”, “Tərəqqi”, “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşviqat qruplarıdır. İlk 7 Təşviqat qrupu Konstitusiyaya təqdim edilən əlavə və dəyişiklikləri dəstəkləyir, son iki Təşviqat qrupu isə müxalifəti təmsil edir və referenduma çıxarılan məsələlərin əleyhinədirlər. Müxalifətçi Təşviqat qrupları əhalini referendumu boykot etməyə çağırıb.

Referendumla bağlı fevralın 18-dən martın 17-dək təbliğat-təşviqat kampaniyası aparılıb, təşviqat qruplarına pulsuz efir vaxtı ayrılıb. Referendumun gedişini 40 mindən çox yerli və beynəlxalq müşahidəçi izləyəcək.

Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər təklifi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüb. Bununla bağlı 2008-ci il dekabrın 19-da parlament təkliflərə hüquqi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Dekabrın 24-də məhkəmə təkliflərə müsbət rəy verib, dekabrın 26-da isə parlament 2009-cu il martın 18-də referendum keçirilməsi barədə qərar qəbul edib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar