Parlament Müxalifəti Qrupu bəyanat qəbul edib
04 May 2011 Çərşənbə 17:33
Parlament Müxalifəti Qrupu bəyanat qəbul edib. Bəyanatda 3 tələb irəli sürülüb.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib. Görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib. Görüşün nəticəsi olaraq birgə fəaliyyət və əlaqələrin koordinasiya edilməsi üçün “Parlament Müxalifəti Qrupu”nun yaradılması barədə razılıq əldə olunub.

VHP-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qrup Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat da qəbul edib. Bəyanatda deyilir:

“Azərbaycanın cəlb edildiyi müharibə, Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsi, torpaqlarımızın işğaldan dərhal və qeyd şərtsiz azad edilməsiylə bağlı BMT qətnamələrinin həyata keçirilməməsi ölkədə bütün siyasi qüvvələrin birliyini zərurətə çevirib və bu vəziyyətdə hər hansı qaprşıdurma, inqilab və vətəndaş itaətsizliyi cəhdləri ölkəni son dərəcə çətin vəziyyətə sala və əldə olunmuş iqtisadi uğurların nəticələrini heçə endirə bilər.

Biz, Azərbaycan Parlamentində təmsil olunan müxalifət partiyaları bu reallığı dəfələrlə diqqətə çatdırmış və ərəb inqilablarının ölkəmizə süni yollarla gətirilməsi təşəbbüslərinin fəsadları barədə xəbərdarlıqlar etmiş, bu cəhdləri pisləmişik".

Daha sonra bəyanat müəllifləri Azərbaycan hakimiyyətinə 3 tələb irəli sürüblər:

1) Vətəndaşların sərbəst toplaşma azadlığı təmin edilsin;
2) Ölkədə iqtisadi və siyasi islahatlar reallaşdırılsın;
3) Jurnalist və ictimai fəalların müxtəlif bəhanələrlə həbs edilməsi ənənəsinə son qoyulsun və həbsdəkilər dərhal azad edilsin.

Bəyanat müəllifləri sonda iqtisadi-siyasi islahatların həyata keçirilməsi üçün qarşılıqlı dialoq və fikir müxtəlifliyinin dəyirmi masada çözülməsinin vacibliyini diqqətə çatdırıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar