Oqtay Əsədov ilk prezidenti qəbul etdi
15 Mart 2014 Şənbə 16:14
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel adaları Respublikasının ilk prezidenti olmuş Ceyms Riçard Mançamı qəbul edib.
ANS PRESS-in məlumatına görə, Parlamentin Sədri qonağı səmimi salamlayaraq bu cür səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib. Söhbətdə Spiker Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Şərq dünyasında ilk demokratik dövlət quran Azərbaycan hələ ötən əsrin əvvəlində qadınlara seçib seçilmək hüququ verib. Onlar bu gün Azərbaycan parlamentində təmsil olunmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Sədr Azərbaycan qanunvericilik orqanında təmsil olunmuş siyasi partiyaların və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışıb.

Bildirilib ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın təmsilçiləri parlamentdə çoxluq təşkil edir və qanun yaradıcılığında, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında fəallıq göstərirlər. Spiker qonağın təmsil etdiyi siyasi qurumla Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək dəyərləndirib.

Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqət çəkərək iki ölkə arasında bu səviyyədə münasibətlərin inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inamını söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Azərbaycandakı inkişafa heyranlığını xüsusi vurğulayıb. Qonaq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayacağına inamını ifadə edib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar