Nalbandyan zırrama yalanı danışır
02 İyun 2009 Çərşənbə Axşamı 17:40
«İrəvan hər yerdə təbliğat aparır ki, ermənilər xristian olduqlarına görə müsəlman dövlətində yaşaya bilməzlər»

 

«Bu gün İrəvanda Suriya XİN başçısı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı Qarabağ məsələsinə dini yönüm verməkdə günahlandıran Eduard Nalbandyan «zırrama yalanı» danışır». Bu barədə politoloq Vəfa Quluzadə ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Onun sözlərinə görə, məsələyə dini yönüm vermək ilk başdan ermənilərin addımı olub: «Ermənilər, ələxsüs də erməni diasporu və Ermənistan hakimiyyəti hər yerdə təbliğat aparır ki, Qarabağ erməniləri xristian olduqlarına görə müsəlman dövlətində yaşaya bilməzlər».

Vəfa Quluzadənin fikrincə, indiki dünyada islam ölkələrinin, xüsusilə də İslam Konfransı Təşkilatının fəaliyyəti tam effektiv deyil: «İndi dünyada xristianlıq liderlik edir. Aparıcılar xristian dövlətləridir. Lokomotiv xristian dövləti Amerikadır, Amerikaya tabe olan Avropa Birliyi də xristian dövlətlərindən ibarətdir».

Politoloqun fikrincə, Azərbaycan xarici siyasətində Amerikanı strateji tərəfdaş seçsə də və Ermənistan əks düşərgədə yer alsa da, aparıcı dövlətlər həmişə İrəvana daha yaxşı münasibət göstəriblər: «Onlarda Ermənistana qarşı nadinc balaca qardaşa olan münasibət var. Onunla hesablaşırlar, onun xətrinə dəymək istəmirlər».

Vəfa Quluzadə həmçinin müsəlman dünyasında yetərincə həmrəyliyin olmadığını bildirib və nümunə kimi İranın Qarabağ münaqişəsi ilə bağlı münasibətini göstərib: «İran bu məsələyə ikili standartlarla yanaşır. Bir tərəfdən müsəlman ölkəsidir və İslam dövlətidir. Amma o biri tərəfdən isə böyük siyasətə girmək istəyir. Ona görə də İran İslam Respublikası xristian dövləti Rusiyanın strateji müttəfiqinə çevrilib. Rusiya İran üçün nüvə elektrik stansiyasını tikir, nüvə texnologiyalarında yardım edir. Strateji müttəfiqinin xətrinə İran Ermənistanın tərəfdarına çevrilib». /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar