Müsavat Partiyası tezliklə dağılacaq
14 May 2014 Çərşənbə 16:37
Müsavat Partiyası tezliklə dağılacaq. Artıq partiya rəhbərliyində çox ciddi problemlər var.
“Əgər müdrik qərar qəbul etməsələr, - halbuki bunu heç gözləmirik də - Müsavat Partiyası tezliklə dağılacaq. Artıq partiya rəhbərliyində çox ciddi problemlər var”.

ANS PRESS xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Müsavatdakı problem fövqəladə ciddi məsələdir: “Ona görə bunlar qurultay da keçirmək istəmirlər. Qurultay keçirmək istəsəydilər, onlara ayrılan yerdə, hoteldə və ya hansısa özəl müəssisədə qurultaylarını çoxdan keçirmişdilər. Məsələn, YAP öz tədbirlərini hansısa hoteldə keçirir və bundan əvvəl danışıqlar olur, müqavilələr bağlanır, pulumuzu verib tədbirimizi keçiririk. Müsavatda əgər qurultay keçirmək fikri olsaydı, müəyyən bir yer götürərək keçirərdi”.

YAP rəsmisi deyib ki, ləngiməyə səbəb qurultay üçün yer deyil, partiyanın rəhbərliyində olan ciddi problemdir: “İsa Qəmbər sədrlikdən faktiki olaraq getmək istəmir, digərləri də onun sədr qalmasını istəmirlər. Bu baxımdan onlar bir-birinə qarşı düşüblər. Qurultaya yerlərdən seçilən nümayəndələr arasında da ciddi qarşıdurmalar var. Bütün bunlarla yanaşı, bu partiya artıq getdikcə tamamilə iflasa uğrayır, dağılır və ətrafında sosial elektorat tamamilə yoxdur. Müsavat bütün seçkilərdə məğlub olmuş, dağılması çoxdan olan partiyadır”.

S.Novruzov deyib ki, bu şəraitdə partiya yeganə müdrik qərar qəbul edərək geri çəkilməlidir: “Amma partiyanın ayaqda qalması xatirinə yerlərini kiməsə vermək istəmirlər”.

Dünya praktikasını misal çəkən YAP rəsmisi deyib ki, əgər kimsə öz partiyasını irəli apara bilmirsə, geri çəkilib yerini başqasına verməlidir: “Əgər partiyasını sevirsə, əqidəsinə sadiqdirsə, partiyadan gəlir mənbəyi kimi istifadə etmirsə, belə etməlidir. Amma bu bir fakta çevrilib ki, Müsavat rəhbərliyi partiyanı gəlir mənbəyinə çevirib. Buna görə də indiyədək Müsavatın rəhbərliyindən olan kütləvi istefalardan sonra yerdə qalanlar da görürlər ki, burada hər hansı bir perspektivə ümid yoxdur. Bu baxımdan yerdə qalanlar da oradan uzaqlaşacaqlar. Tezliklə orada müdrik qərar qəbul olunmasa o partiya dağılacaq. Müdrik qərarı da indən belə onlardan gözləmək qeyri-mümkündür”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar