Millət vəkili"erməni açılımı"nın mahiyyətini açdı
16 Sentyabr 2009 Çərşənbə 15:55
Türkiyənin ABŞ-dakı keçmiş səfiri: "Hakim partiya üzvləri protokola qarşı çıxacaq"
"Ermənistan-Türkiyə protokolu Türkiyənin və Azərbaycanın maraqlarına uyğun deyil və Türkiyənin beynəlxalq maraqlarına zərər vurur. Çünki burda Qars müqaviləsi qeyd edilməyib". Bu barədə ANS PRESS-ə müsahibəsində türkiyəli millət vəkili, Cumhuriyyət Xalq Partiyasının üzvü, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Şükrü Elekdağ bildirib. Onun sözlərinə görə, protokollorda Qars müqaviləsinin bundan sonra da qüvvədə olması barədə hər hansı bir qeyd yoxdur:

"Protokolda deyilir ki, iki ölkə arasındakı mövcud sərhəd beynəlxalq hüququn müvafiq anlaşmalarında tərif edildiyi şəkildə qarşılıqlı olaraq tanınır. Erməni tərəfi deyir ki, bu mövcud sərhədlərin tanınmasıdır. Amma biz hesab edirik ki, burda mütləq Qars anlaşması qeyd edilməlidir. Çünki sərhədləri əsasən Qars müqaviləsi tərif edir".

Ş. Elekdağ hesab edir ki, əgər 13 oktyabr 1921 tarixli Qars müqaviləsinin keçərli olması protkolda olmasa, bunun çox zərərli nəticələri olacaq. Çünki Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra, Ermənistanın müstəqillik əldə edən kimi gördüyü ilk iş Qars müqaviləsini tanımadığını açıqlaması olub.

"O vaxt Ermənistan parlamentində baş verən toplantılarda Qars müqaviləsinin Sovet İttifaqının əsarəti altında olan Ermənistan Sosialist Respublikası tərəfindən imzalandığı və bu müqavilənin yalnız Sovet ittifaqında keçərli olduğu, müstəqil Ermənistana heç bir şəkildə aid olmadığı irəli sürüldü. O gündən bu günə qədər Ermənistan Qars müqaviəsinin keçərli olduğunu rədd edir. Bildiyiniz kimi, Ermənistan parlamentinin 23 avqust 1990-cı ildə qəbul etdiyi müstəqillik bildirişi, Şərqi Anadolunun Qərbi Ermənistan olaraq adlandırılması ilə Türkiyənin ərazi bütövlüyünün tanınmadığını vurğulayır. Üstəlik, Ağrıdağının Ermənistanın konstitusiyasında da Ermənistanın gerbi olduğu təsdiq edilir. Bütün bunlar ermənilərin türk torpaqlarına iddialı olduqlarını sübut edir".

Şükrü Elekdağ hesab edir ki, belə bir vəziyyətdə bu protokollarda Qars anlaşmasının mütləq yer alması lazımdır. Əks təqdirdə ermənilərin Türkiyəyə ərazi iddiaları bir daha təsdiqlənəcək. Eyni zamanda millət vəkili bu məsələnin Azərbaycanın da marağında olduğunu bildirir: "Qars müqaviləsinin protokollarda qeyd edilməməsi ilə Türkiyənin Naxçıvan üzərindəki haqq və hüquqları itiriləcək. Bildiyiniz kimi, 16 mart 1921-ci ildə Moskvada imzalanan Türkiyə-Rusiya Sovet İttifaqı dostluq anlaşmasında bu maddələrin eyni zamanda Qars anlaşması üçün də keçərli olduğu bildirilir. Və Moskva anlaşmasının üçüncü maddəsində deyilir ki, tərəflər anlaşmada qeyd edilən Naxçıvanın idarəedicilik haqqını üçüncü bir dövlətə heç bir zaman verilməməsi şərti ilə Azərbaycanın tabeliyində muxtar vilayət olması məsələsində anlaşıblar. Bu Moskva anlaşması Türkiyəyə Naxçıvan üzərində bir qoruyuculuq haqqı verir. Moskva anlaşmasındakı bu bənd Qars anlaşmasının birinci və beşinci maddələri ilə bu anlaşmanın tərəfləri –Türkiyə, Gürcüstan, Azərbaycanda keçərlidir. Belə olanda durum ortaya çıxır. Əgər Naxçıvanın statusu Ermənistan tərəfindən dəyişdirilmək istənilsə, Türkiyənin buna "yox" demək haqqı var. Türkiyənin bu durumda qarşı çıxmaq haqqı var. Yəni bu müqaviləyə Türkiyəyə Naxşıvanın statusunu qorumaq üçün ediləcək hər bir anlaşmaya tərəf kimi qatılmaq və qəbul etmədiyi bir statusun Naxçıvana verilməsini əngəlləmə haqqı verir.
Əgər Ermənistanın Qarabağa hücum etdiyi günlərə geri dönsək, o zaman söylədiyim şeylərin önəmi daha yaxşı başa düşülər. Çünki Ermənistan silahlı qüvvələri 8 may 1992-ci ildə Azərbaycanın Şuşa şəhərini işğal edəndən sonra Qarabağı ələ keçirdilər və ondan sonra da torpaq iddiasında olduqları Naxçıvana doğru yönəldilər. Türkiyə sərhədinin 10 km məsafəsindəki Sədərək qəsəbəsinə hücum etdilər. O dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, mərhum Heydər Əliyev idi. O, Türkiyədən Naxçıvana yardım istədi. O günlərdə Azərbaycanın Ali Sovetinin sədri İsa Qəmbər 1921-ci il Qars müqaviləsinin Türkiyəyə Naxçıvana hərbi müdaxilə etmək haqqı verdiyini açıqladı. Bundan sonra Ankarada Nazirlər Kabineti toplandı. Və Naxçıvanın işğalına icazə verməyəcəyi barədə qərar verdi. Bu qərar türk hökuməti tərəfindən Ermənistana bildirildi. Hələ o günlərdə Türk ordusunun quru qoşunlarının komandanı, Muhitdin Fisunoğlu də türk ordusunun hərəkat üçün hazır olduğunu açıqladı. Belə olan halda Türkiyə diplomatik yollarla Naxçıvanın işğalının qarşısını aldı. Amma burada əsas Qars anlaşmasının Türkiyəyə verdiyi hüquq idi. Bu baxımdan AKP hökuməti bölgədə sabitliyin olması üçün Qars anlaşmasını protokola əlavə etməlidir. Bu protokollar həm bizim, həm də azərbaycanlı qardaşlarımızın əleyhinədir".

Şükrü Elekdağ eyni zamanda bu protokolların Türkiyə parlamentindən keçməyəcəyini bildirdi. "Çünki, hakim Ədalət və İnkişaf Partiyasından bir çox millət vəkillərinin protokola qarşı olacağını hesab edirəm. Türkiyə Qars müqaviləsinin ona verdiyi haqlardan imtina etməz".

Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, hər iki ölkədə siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar