Bu gün Tehranda Azərbaycan və İran prezidentləri İlham Əliyev və Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər arasında ümumilikdə 7 sənəd imzalanıb.
Azərbaycan və İran hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni imzalayıblar.
Azərbaycan hökuməti və İran hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İran tərəfdən ticarət naziri Məsud Mirkazımi imzalayıb.
Azərbaycan və İran hökumətləri arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumuna Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imza atıb.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının İranın Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzalayıblar.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair anlaşma memorandumuna Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin mədəniyyət məsələləri üzrə müşaviri, Milli Kitabxana və Arxivin sədri Əliəkbər Əşəri imza atıb.
Azərbaycan Dövlət Statistika Komitəsi və İranın Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, İran tərəfdən Statistika Mərkəzinin sədri Məhəmməd Mədət imzalayıb.
Azərbaycan və İranın Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri arasında poçt məsələləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumunu isə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən xarici işlər naziri Manuçöhr Mottəki imzalayıblar.
APA